Şose velosipedi üzrə fərdi və cüt ötüşmələr üzrə Azərbaycan çempionatının qalibləri müəyyənləşib
Azərbaycan Velosiped İdmanı Federasiyasının 2015-ci il üçün təqvim-planına uyğun olaraq, Pirallahı rayonu ərazisində şose velosipedi üzrə fərdi və cüt ötüşmələr üzrə Azərbaycan çempionatı keçirilib.

Gənclər və İdman Nazirliyi ilə birgə təşkil edilən yarışda 70-dək idmançı mübarizə aparıb.

Fərdi yarışlarda 15 yaşadək velosipedçilər arasında 8 kilometr məsafəni hamıdan tez “Atasport” klubunun təmsilçisi Ramazan Əliyev qət edib. On yeddi yaşlılar arasında “Lokomotiv” klubunun nümayəndəsi Kərim Şirəliyev 11,5 kilometrlik marşrutda birinci olub. On beş kilometr məsafəyə yarışan elit, U-23 və gənclər kateqoriyasında isə Respublika Olimpiya Ehtiyatları İxtisaslaşdırılmış Uşaq-Gənclər Velosiped İdmanı Məktəbinin idmançısı Ayxan İltifatlı hamıdan yüksək nəticə göstərib.

Cüt ötüşmələrə gəlincə, 15 yaşlılar arasında “Atasport” və İxtisaslaşdırılmış Uşaq-Gənclər Velosiped İdmanı Məktəbinin yetirmələri Ramazan Əliyev və Qadir Mustafayevdən ibarət duet 15 kilometr məsafəni ən yaxşı göstəricilərlə tamamlayıblar. "Lokomotiv" və 8 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq Gənclər İdman Məktəbini təmsil edən müvafiq olaraq Kərim Şirəliyev və Mikayıl Səfərli 17 yaşlılar arasında 20 kilometr məsafəyə mübarizədə Azərbaycan çempionu adına layiq görülüblər. Elit, U-23 və gənclər arasında birinci yeri “Lokomotiv” klubunun velosipedçiləri tutublar. Məhəmməd Ələkbərov və Musa Mikayılzadədən ibarət cütlük 25 kilometrlik məsafəni hamıdan tez qət edib.

Xəbər 940 dəfə oxundu.