«Neftçi» İSM-də «İdman ili» ilə bağlı tədbir keçirilib

Məlum olduğu kimi, Azərbaycan Respublikası Prezientinin 16 yanvar 2012-ci il tarixli sərəncamı ilə bu il «İdman ili» elan edilib.

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Sosial İnkişaf İdarəsinin nəzdində fəaliyyət göstərən «Neftçi» İdman-Sağlamlıq Mərkəzində «İdman ili» ilə bağlı tədbir keçirilib.

Tədbiri giriş sözü ilə «Neftçi» İSM-in mətbuat xidmətinin rəisi, əməkdar jurnalist Tofiq Gülməmmədov açaraq, İlham Əliyevin Milli Olimpiya Komitəsinin prezidenti seçildiyi vaxtdan bu günə qədər idmanımızın keçdiyi inkişaf yolundan danışdı və yığıncaq iştirakçılarını məlum Sərəncamın mətni ilə tanış etdi. Sonra söz mərkəzin icraçı direktorunun idman və sağlamlıq məsələləri üzrə müavini Elmar Babanlıya verildi. Natiq əvvəlcə ölkə prezidentinin 2012-ci ili «İdman ili» elan etməsini təqdirəlayiq hesab etdiyini və sevinclə qarşıladığını vurğuladı: «Ölkəmizdə idmanın maddi-texniki bazasının möhkəmləndirilməsi sahəsində böyük işlər görülür. Respublikamızın müxtəlif bölgələrində müasir olimpiya idman kompleksləri tikilir ki, bu da yüksək səviyyəli idmançıların hazırlanmasına münbit şərait yaradır. Mərkəzin 7 idmançısı artıq bu il keçiriləcək London Yay Olimpiya Oyunlarına lisenziya qazanıb və biz bu tədbirə çox ciddi hazırlaşırıq».

Kütləvi bədən tərbiyəsi və idman şöbəsinin rəisi Akif Məmmədov dövlət müstəqilliyimizin 20 ili ərzində idmançılarımızın qazandığı nailiyyətlərdən söz açdı. Qeyd etdi ki, 70 il sovet dönəmində idmançılarımız son 20 ildəki uğuru qazana bilməmişdilər. Ancaq müstəqillik dövründə idmançılarımız olimpiadalarda 4 qızıl, 3 gümüş və 9 bürünc medal qazanmışlar. Çox fərəhli haldır ki, bu idmançıların əksəriyyəti «Neftçi» İdman-Sağlamlıq Mərkəzinin yetirmələridir. O, fikrini belə tamamladı: «Mən kütləvi bədən tərbiyəsi və idman şöbəsinin rəisi kimi, bu «İdman ili»ndə ölkəmizdə idmanın daha da inkişaf etməsində, genişlənməsində var gücümlə çalışacağam».

Mərkəzin bədii gimnastika üzrə baş məşqçisi Nurcahan Əsgərova «İdman ili»nin London Yay Olimpiya Oyunlarının keçirilməsi dövrünə təsadüf etdiyini vurğuladı. Nurcahan xanım müstəqillik illərində dövlətin diqqət və qayğısı sayəsində Azərbaycanın dünyanın idman mərkəzlərindən birinə çevrildiyini qeyd edərək, çıxışını davam etdirdi: «Digər idman növləri kimi, gimnastika da diqqətdən kənarda qalmayıb. Federasiyanın səmərəli fəaliyyəti nəticəsində bu gün ölkə gimnastikası sözün əsl mənasında özünün inkişaf mərhələsinə qədəm qoymuşdur. Bədii gimnastlarımız fəxr edirlər ki, 2005-ci ildə Azərbaycanın idman tarixində ilk dəfə olaraq, olimpiya idman növləri arasında məhz bədii gimnastika üzrə dünya çempionatı ölkəmizdə keçirilib.

Ardınca mərkəzin məşqçi-müəllimləri Hicran Şərifov, Ehram Məcidov, Gündüz Abdullayev və Anar Allahverdiyev çıxış edərək prezidentin məlum Sərəncamını böyük sevinc hissi ilə dəstəklədiklərini söylədilər.

Sonda «Neftçi» İSM-in icraçı direktorunun sosial və iqtisadi məsələlər üzrə müavini Firidun Dadaşov qeyd etdi ki, prezidentimizin imzaladığı bu Sərəncam ölkədə idmanın daha da inkişaf etdirilməsi, Olimpiya Hərəkatının genişləndirilməsi, gənclərin müntəzəm şəkildə idmana cəlb olunması, əhalinin bütün təbəqələri arasında sağlam həyat tərzinin formalaşdırılması, yeni idman və olimpiya komplekslərinin tikilməsi, eləcə də idmançılarımızın London Olimpiadasında və digər mötəbər beynəlxalq yarışlarda yüksək göstəricilər əldə etməsi baxımından böyük əhəmiyyətə malikdir.

Müzakirələrin sonunda “İdman ili” ulə bağlı olaraq, mərkəzin qarşısında duran vəzifələr müəyyən olunub.

«Neftçi» İSM-in mətbuat xidməti

Xəbər 3078 dəfə oxundu.