“Kesarovski-Stançev Memorialı”nda Azərbaycanın 11 şahmatçısı iştirak edir
Bolqarıstanın Solneçnıy Bereq kurort şəhərində növbəti “Kesarovski-Stançev Memorialı” Beynəlxalq şahmat turniri start götürüb.

Ən güclü şahmatçıların iştirak etdiyi “A” turnirində 39 şahmatçı, o cümlədən 8 qrossmeyster iştirak edir. Azərbaycan şahmatçısı Rəvan Əliyev bu turnirin iştirakçıları arasındadır.

Artıq geridə qalan iki turdan sonra turnirdə Krum Georgiyev (Bolqarıstan), Məhəmməd Batuxan Daştan (Türkiyə) və Luçian Filip (Rumıniya) irəlidədirlər. Azərbaycan nümayəndəsinin aktivində bir xal var.

Üçüncü turun püşkatmasının nəticələrinə görə, Rəvan Əliyevin növbəti rəqibi Ukrayna təmsilçisi İqor Smolkov olacaq.

“B” turnirində Azərbaycanı Fərid Aslanov (1,5 xal), Raul Quliyev (1 xal) və Xalid Atababayev (0,5 xal) təmsil edirlər. “C” turnirində isə iki turdan sonra Nihad Mustafayev, Ümid Aslanov, Qurban Məmmədov hərəyə 1 xal, Ləman və Fatimə Məmmədovalar hərəyə yarım xal toplayıblar. Fikrət Mustafazadə və Emin Xəlilov sıfır nəticə göstəriblər.

Xəbər 672 dəfə oxundu.