Azərbaycan Kikboksinq Federasiyasının növbəti təlim-məşq mərkəzi istifadəyə verilib
Sentyabrın 7-də Nizami rayonunda Azərbaycan Kikboksinq Federasiyasının növbəti təlim-məşq mərkəzi istifadəyə verilib.

Bu münasibətlə keçirilən tədbirdə Azərbaycan Kikboksinq Federasiyasının prezidenti Adil Əliyev, Milli Məclisin deputatı Sədaqət Vəliyeva, Nizami rayon gənclər və idman idarəsi rəisi Elşən Mirzəyev, tanınmış kikboksçular iştirak ediblər.

Yeni idman zalının kikboksçular üçün layihələndirildiyini qeyd edən federasiya prezidenti Azərbaycanda idmanın inkişafına dövlət qayğısının ildən-ilə artdığını diqqətə çatdırıb. O, kikboksinqin qeyri-Olimpiya idman növü olmasına baxmayaraq, Azərbaycanda kifayət qədər geniş yayıldığını vurğulayıb. Biz gələcək Avropa və dünya çempionları ilə yanaşı, ordumuza layiqli əsgər yetişdiririk. Bu gün zala gələn yeniyetmələr, gənclər, böyüklər Azərbaycan ordusunun əsgərləridir. Dövlətimizin başçısı, Ali Baş Komandan döyüş əmri verərsə federasiyanın kollektivi olaraq həmin əmri icra etməyə hazırıq.

Azərbaycan idmançılarının dünyada kifayət qədər tanındığını bildirən federasiya rəsmisi qeyd edib ki, bir vaxtlar başqa ölkələri təmsil edən idmançılarımız dövlətimizin başçısının bu sahəyə diqqət və qayğısı nəticəsində indi beynəlxalq arenalarda Azərbaycanın dövlət bayrağını uğurla dalğalandırırlar.

Sonra deputat Sədaqət Vəliyeva yeni idman zalının fəaliyyətə başlaması münasibətilə federasiya rəhbərliyini, idmançıları təbrik edərək gəncləri idmanla məşğul olmağa və sağlam həyat tərzi sürməyə çağırıb.

Xəbər 828 dəfə oxundu.