Velosiped idmanının trek növü üzrə Azərbaycan çempionatının qalibləri müəyyənləşib
Əsaslı təmirdən sonra yenilənmiş Respublika Velotrekində velosiped idmanının trek növü üzrə Azərbaycan çempionatı keçirilib. Yarışda Azərbaycan Velosiped İdmanı Federasiyasının nəzdində fəaliyyət göstərən bütün klub və cəmiyyətlərin 70-dən artıq idmançısı mübarizə aparıb.

Ölkə çempionatının iştirakçıları arasında Azərbaycanın trek yığmasının aparıcı üzvləri, Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) nüfuzlu turnirlərinin qalib və mükafatçısı Olqa İsmayılova və Sergey Omelçenko da iştirak ediblər.

Gözlənildiyi kimi, qadınların sprint, eləcə də kişilərin keyrin mübarizəsi yığma komandamızın liderlərinin qələbəsi ilə başa çatıb. Bununla da həm Olqa İsmayılova, həm də Sergey Omelçenko Beynəlxalq Velosipedçilər İttifaqının milli çempionatlar haqqında reqlamentinə uyğun olaraq aktivlərinə 30 reytinq balı əlavə ediblər. Bu isə idmançılarımızın dünya kuboku turnirində iştirak hüququna yiyələnməsi baxımından olduqca böyük əhəmiyyət kəsb edir.

Qadınların yarışında 500 metr məsafəyə fərdi ötüşmədə "Atasport" klubunun təmsilçisi Ülfət Nəzərli, kişilər arasında isə 1000 metr məsafəyə mübarizədə və omnium yarışında "Lokomotiv" klubunun nümayəndəsi Məhəmməd Ələkbərov qalib gəliblər. Kişilər arasında xalla qrup ötüşməsində "Synergy Baku”/“Neftçi İdman Klubu İctimai Birliyi"ndən Samir Cəbrayılov və 3 kilometr məsafəyə fərdi izləmə yarışında "Synergy Baku" komandasının üzvü Tural İsgəndərov Azərbaycan çempionu adına layiq görülüb.

Fəxri kürsüdə yer alan idmançılar Azərbaycan Velosiped İdmanı Federasiyası tərəfindən medal, diplom və pul mükafatı ilə təltif ediliblər.

Xəbər 1740 dəfə oxundu.