“Xəzər Lənkəran”ın “siftə”si Rahid Əmirquliyevdən gəldi
“Xəzər Lənkəran”ın kapitanı Rahid Əmirquliyev ilkə imza atıb. “Ağ-yaşıllar”ın heyətində oyun və kapitanlıq sayında rekordçu olan yarımmüdafiəçi bu dəfə Azərbaycan yığmasında fərqlənib.

Avro-2016-nın seçmə mərhələsinin dünən keçirilən Malta – Azərbaycan matçında (2:2) meydana çıxan Əmirquliyev 2 qol vuraraq, dubla imza atıb. Hər hissədə 1 dəfə rəqib qapısına yol tapan orta sahə oyunçusu ölkəmizin əsas yığmasında dubl edən ilk “Xəzər Lənkəran”lı olub.

Millinin 23 illik tarixində bunadək qeydə alınan 8 dublun heç biri “Xəzər Lənkəran” klubunun üzvlərinin hesabında olmamışdı ki, ilki Əmirquliyev gerçəkləşdirib. Ümumilikdə isə yığmada 45 oyun keçirib 3 qol vuran Rahid bu qarşılaşmaların hamısında “Xəzər Lənkəran”ı təmsil edib.

O, ilk qolunu 2013-cü il sentyabrın 7-də İsraillə DÇ-2014-ün səfərdəki seçmə oyununda vurmuşdu.

Xəbər 696 dəfə oxundu.