Vüqar mövqeyini yaxşılaşdırdı, Teymur lideri izləyir
Niderlandın Veyk an Zeye şəhərində keçirilən şahmatçılar arasında beynəlxalq «Tata Steel Chess» superturniri finişə yaxınlaşır. İdman.com.az saytının məlumatına görə, mübarizənin gərginliyi zirvə həddindən düşmür. Azərbaycan qrossmeysteri Teymur Rəcəbovun (2773) sabit çıxışı ilə liderlər yarışından qopmaması, azarkeşlərimizi ümidləndirib.

Hesabat turunda ağ fiqurlarla niderlandlı Lük Van Veli (2692) ilə qarşılaşan təmsilçimiz, mittelşpildə rəqibini sıxışdırıb. Endşpilə doğru şatmatçılar hərəyə 1 keçid piyadasına sahib olublar. Vəziyyət bərabər olduğundan, tərəflər 40-cı gedişdə sülh bağlayıblar. Hesabında 6 xal olan qrossmeysterimiz hazırda Maqnus Karlsenlə (2835) birgə 3-4-cü yerləri bölüşdürür.

Milli komandamızın digər aparıcı üzvü Vüqar Həşimov (2761) bu tur qara fiqurlarla israilli Boris Gelfandla (2739) üz-üzə gəlib. Partiyanın gedişində şahmatçılar üstünlüyə yiyələnə bilməyiblər və matç heç-heçə bitib. Aktivində 4 xal olan qrossmeysterimiz 10-cu pillədə qərarlaşıb.

KAMRAN

Xəbər 936 dəfə oxundu.