Qədir Hüseynov: Şahmat üzrə Dünya Kuboku tarixində ən güclü mübarizə Bakıda gedəcək
Bakıda keçiriləcək şahmat üzrə Dünya Kubokunda Azərbaycanı təmsil edəcək şahmatçılardan biri Qədir Hüseynov mötəbər yarışla bağlı fikirlərini bildirib.

Şahmatçımız Dünya Kuboku tarixində ən güclü iştirakçıların məhz Bakıdakı yarışda mübarizə aparacağını söyləyib: “Dünya Kuboku uğrunda yarışların yüksək səviyyədə keçiriləcəyinə əminəm. Azərbaycanda yüksək təşkilatçılıq ənənələri mövcuddur. Bütün şahmatçıları ciddi sınaq gözləyir. İştirakçılar baxımından ən güclü heyət məhz paytaxtımızdakı yarışa təsadüf edəcək. Hazırkı dünya çempionu Maqnus Karlsen və iddiaçılar turnirinə vəsiqəni təmin edən sabiq dünya çempion hindistanlı Vişvanatan Anand Bakıya gəlməsələr də, digər güclü şahmatçılar bu yarışda iştirakını təsdiqləyib. Fabiano Karuana və Hikaru Nakamura iddiaçılar turnirinə vəsiqə qazanıb. Amma bununla belə, Bakıda keçiriləcək Dünya Kuboku yarışlarında mübarizə aparacaqlar. Eyni zamanda Vladimir Kramnik və Veselin Topalovu da unutmaq olmaz. Çox çətin olacaq, amma hər birimiz maksimum dərəcədə yaxşı çıxış etməyə çalışacayıq”.

Qədir Hüseynov turnirlə bağlı proqnoz vermək istəmədəyini bildirib. Özünə gəlincə isə, şahmatçımız hazırda yalnız ilk mərhələ haqda düşündüyünü deyib: “Qabağa qaçmaq istəməzdim. Hazırda ilk rəqiblə oyuna hazırlaşıram. Bundan sonra növbəti rəqib haqda fikirləşməyin vaxtı gələcək. Dünya Kuboku yarışları Bakıda keçirildiyi üçün şahmatçılarımızdan birinin sonadək davam etməsini istərdim. Finalçılar iddiaçılar turnirinə vəsiqə qazanacaq. Həmin vəsiqələrdən birinin bizim şahmatçıya qismət olmasını arzulayıram”.

Xatırladaq ki, Dünya Kuboku yarışlarında iştirak edəcək Azərbaycan şahmatçılarından Şəhriyar Məmmədyarov, Rauf Məmmədov və Eltac Səfərli milli komandanın kapitanı Aleksandr Xalifmanın rəhbərliyi altında Qəbələdə təlim-məşq toplanışında iştirak edirlər.

Xəbər 653 dəfə oxundu.