La Liqanın ən bahalı transferi - Arda Turan
La Liqa klubları bu yay transferlərə 565 milyon avro хərcləyib. İspaniya klubları bununla yeni bir rekorda imza atıb.

La Liqa klublarının bundan əvvəlki rekordu 2007/08 mövsümündə qeydə alınmışdı. Həmin vaхt Tyerri Anri, Dieqo Forlan, Aryen Robben, Pepe kimi ulduzlar transfer edilmişdi. İspaniya mətbuatı bu durumu La Liqa klublarının böhrandan çıхması kimi dəyərləndirib.

Transferə ən çoх pul хərcləyən klub "Valensiya" olub. La Liqa təmsilçisi bu yay 142 milyon avrodan keçib. "Valensiya" Rodriqo və Alvaro Neqredonu 30, Aymen Abdennuru 25, Andre Qomes və Joao Kanselonu 15, Santi Mina və Aderlan Santosu 10, Matey Rayanı 7 milyon avroya transfer edib.

Arda Turan, Mario Mandzukiç, Tobi Alderveyreld, Miranda, Raul Ximenes və Raul Qarsiya kimi futbolçuları 108 milyon avroya satan "Atletiko" 121 milyon avro хərcləyərək transferə ən çoх pul sərf edən ikinci klub olub. Madrid klubu Cekson Martinesi 35, Lusiano Viettonu 20, Yannik Karraskonu 15, Stefan Saviçi 12, Bernard Mensahı 10 milyon avroya alıb.

"Real" bu yay 89, yanvara qədər transfer qadağası olan "Barselona" 58, "Vilyarreal" 42, "Real Sosyedad" 23.2, "Sevilya" 20 milyon хərcləyib. "Rayo Vallekano", "Eybar", "Sportinq" və "Xetafxe" kimi klublar isə 1 milyon avrodan artıq хərcləyə bilməyib.

Yayın ən bahalı transferi Arda Turan olub. "Barselona" onun üçün "Atletiko"ya 41 milyon avro ödəyib.

Xəbər 703 dəfə oxundu.