Azərbaycan “nəhənglər”inin mübarizəsindən kim qalib ayrılacaq?
Sabah qadın voleybolçular arasında Azərbaycan Super Liqasında VII turun matçları keçiriləcək. İdman.com.az saytının məlumatına görə, mövsümün ən maraqlı və prinsipal görüşü “Rabitə” ilə “Azərreyl” arasında oynalınacaq.

Avropa Çempionlar Liqasının iştirakçılarının mübarizəsinin olduqca gərgin keçəcəyi proqnozlaşdırılır. Bəzi mütəxəssislər “Rabitə”ni aşkar favorit sayır. Çünki ötən mövsümdə də onların hər 2 görüşdə qalib gəlmələri, uduzmaq şanslarının az olması kimi qiymətləndirilir. Lakin bir amili unutmaq da düzgün deyil. Belə ki, ötən illə müqayisədə bu dəfə “Azərreyl”i təcrübəli Faiq Qarayev çalışdırır. Məhz bu amil “Rabitə”nin əleyhinədir.

Apasport.az-ın fikrincə, bu derbini yığmamızın hücumçuları – Natalya Məmmədova və Polina Rəhimovanın dueli daha maraqlı edəcək. Lakin “Rabitə”ni çalışdıran Zoran Qayiç də yaxşı bilir ki, oyunu Məmmədovanın üzərində qursa, bu məğlubiyyətlə nəticələnə bilər. Çünki əks cəbhədə olan baş məşqçi Faiq Qarayev və millimizin digər voleybolçuları bu hücumçunun oyununa yaxşı bələddirlər və onu “bağlamaq” yolunu bilirlər.

Bununla yanaşı, hər 2 mütəxəssis 2011/2012 mövsümündə ilk dəfə qarşılaşacaqlar və heç biri komandasının çempionatda birinci məğlubiyyətini asan qəbul etməyəcək. Məhz bu səbəblər “Rabitə” – “Azərreyl” görüşünü daha maraqlı edəcək və yəqin ki, qalib həlledici setdə müəyyənləşəcək.

Tur çərçivəsində derbidən savayı digər oyunların da gərgin keçəcəyi gözlənilir. Çünki günün ilk qarşılaşmasında üz-üzə gələcək hər 2 klub - “Lokomotiv Biləcəri” ilə “İqtisadçı” “uğursuzluq zolağından” çıxmağa çalışacaqlar. Düzdür, ikincilər güclü heyətə malikdirlər. Lakin son oyunlarda məğlubiyyətlər “tələbələrdə” psixoloji gərginliyi artırdığından və “Lokomotiv Biləcəri”nin ilk qələbə arzusunda olması cütün taleyinin heç də asan həll ediləcəyindən xəbər vermir. Buna baxmayaq, “İqtisadçı” öz oyununu taparsa, “quru hesabla” da qalib gələ bilər.

“Azəryolservis” – “Lokomotiv” qarşılaşmasında “dəmiryolçular” qələbə seriyasını davam etdirməyə çalışacaqlar. Lakin onların bunu asan əldə edəcəkləri inandırıcı deyil.

Bu matç həm də debütantın baş məşqçisi Aleksandr Çervyakov üçün xüsusi əhəmiyyət kəsb edir. Belə ki, ötən il “Lokomotiv”dən istefaya göndərilən mütəxəssis xələfi Draqutin Baltiçdən güclü olduğunu nümayiş etdirmək üçün bütün “gizli silahlarını” işə salacaq.

25 yanvar
VII tur

15:00. “Lokomotiv Biləcəri” – “İqtisadçı”
Hakimlər: Ceyhun İsmayılov, Ruhid Xəlilov

17:00. “Azəryolservis” – “Lokomotiv”
Hakimlər: Murad Abdurahmanzadə, Eldar Zülfüqarov

19:00. “Rabitə” – “Azərreyl”
Hakimlər: Vüqar Cəfərov, Konstantin Selin



O Q M S T X

1.«Bakı» 6 4 2 13-6 442:387 10
2.«Rabitə» 4 4 0 12-1 317:216 8
3.«Azərreyl» 4 4 0 12-4 376:318 8
4. «Lokomotiv» 4 2 2 8-6 224:285 6
5.«Azəryolservis» 5 1 4 5-12 333:390 6
6. «İqtisadçı» 4 1 3 4-10 305:342 5
7.«Lokomotiv Biləcəri»5 0 5 0-15 235:376 5


Xəbər 1305 dəfə oxundu.