"Qəbələ" Ukraynada ilk məşqə çıxdı
Milli komandaların oyunları ilə əlaqədar Azərbaycan Premyer Liqasında yaranan fasilədə təlim-məşq toplanışı üçün Ukraynaya yollanan “Qəbələ” hazırlıqlara start verib.

Sentyabrın 1-də 6 günlük hazırlıqlara başlayan “qırmızı-qaralar” Odessa toplanışı çərçivəsində ilk məşqinə çıxıb. Səfərin ilk günündə 1 məşqlə kifayətlənən komandanın hazırlığında milli üzvləri iştirak etməyib. Otelin idman zalında baş tutan hazırlıq fiziki çalışmalardan ibarət olub.
Roman Qriqorçukun futbolçuları bu gün – toplanışın ikinci günündə də 1 məşqlə kifayətlənəcək.

Xatırladaq ki, “Qəbələ” hazırlığın son günü – sentyabrın 6-da “Çernomorets” stadionunda eyniadlı komanda ilə yoldaşlıq oyunu keçirəcək. Qarşılaşma Bakı vaxtı ilə saat 20:30-da başlayacaq.

Xəbər 658 dəfə oxundu.