Slovakiyalı voleybolçu Super Liqamızı təriflədi
“Ötən mövsümü Azərbaycanda keçirməklə çox böyük təcrübə qazandım”. İdman.com.az saytının məlumatına görə, bunu Slovakiya milli komandasının voleybolçusu Monika Smak deyib.
Ötən mövsüm Bakının “Lokomotiv” klubunun şərəfini qoruyan 39 yaşlı toppaylayıcı ardıcıl 3-cü, karyerası ərzində 5-ci dəfə ölkəsinin qadınlar arasında ən yaxşı voleybolçusu seçilib.

“Dəmiryolçular”la “Çelenc Cup”ın yarımfinalına kimi irəliləyən Smak ölkəsində ulduz oyunçu kimi qəbul olunur. Hazırda Çexiyanın “Modranska”, Azərbaycana gələnə qədər isə Slovakiya, Polşa, Fransa və Almaniyada çıxış edən təcrübəli voleybolçu indi karyerasını davam etdirdiyi ölkəni daha münasib sayır:

“Çünki Çex Respublikası evimə çox yaxın ölkədir. Biz yaxında Çempionlar Liqasının 1/8 finalına çıxdıq. Əsas məqsədimiz milli çempionatda uğurlu çıxışdır. Ümid edirəm ki, gələn ilin sentyabrında keçiriləcək Avropa çempionatının seçmə oyunlarında yığmaya qoşula biləcəyəm. Çünki uzun fasilədən sonra millimiz yenidən mənə doğma olan Poprad şəhərində oynayacaq”.

Qeyd edək ki, ötən mövsüm Super Liqamızın ən yaşlı voleybolçusu olan Smak 6 dəfə Slovakiyanın ən yaxşı adına yiyələn Adriana Marcekovanın uğurunun təkrarlamaq arzusundadır.

Xəbər 1163 dəfə oxundu.