Derlis Meza Kolli rəsmən "Qəbələ"də
“Qəbələ” növbəti transferini gerçəkləşdirib.

İdman.com.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, komanda paraqvaylı yarımmüdafiəçi Derlis David Meza Kollini heyətinə qatıb.

Transfer pəncərəsinin son günündə Azərbaycan millisinin futbolçusu Vaqif Cavadov və argentinalı Fakundo Abel Pereyranı icarə əsasında sıralarına qatan “qırmızı-qaralar” 27 yaşlı paraqvaylı legionerlə bir illik müqavilə imzalayıb. Son iki mövsümdə ölkəmizdə çıxış edən Derlis Bakının “İnter” klubunun formasını geyinib.

O, Azərbaycan Premyer Liqasında 55 oyun keçirib, 4 qol vurub və iki dəfə çempionatın gümüş mükafatçısı olub. İspaniyanın “Leskala” klubunun (2000-2007) yetirməsi olan Meza Kolli 2013-cü ildə Azərbaycana gələnədək Yunanıstanın “Atromitos” (2007-2010), “Etnikos” (2007-2008, icarə əsasında), “Yannina” (2008-2009, icarə əsasında), “Messiniakos” (2009-2010, icarə əsasında), İtaliyanın “Çezena” (2010-2013) və “Pavia” (2011, icarə əsasında) klublarına çıxış edib.

Xəbər 733 dəfə oxundu.