Avroliqada Azərbaycanı təmsil edən “Qarabağ” və “Qəbələ” komandalarının rəqibləri öz çempionatlarında necə oynadılar?
UEFA Avropa Liqasının qrup mərhələsində Azərbaycanı təmsil edən Ağdamın “Qarabağ” komandasının “J” qrupundakı rəqibləri olan “Anderlext” (Belçika), “Monako” (Fransa) və “Tottenhem” (İngiltərə), həmçinin “Qəbələ”nin “C” qrupunda rəqibləri “Borussiya” (Dortmund, Almaniya), “PAOK” (Yunanıstan) və “Krasnodar” (Rusiya) kollektivləri öz ölkələrinin çempionatlarında növbəti oyunlarını keçiriblər.

“Fransanın “Monako” komandası dördüncü turunun oyunları çərçivəsində öz meydanında ötən mövsümün çempionu PSJ ilə üz-üzə gəlib. Matç Ağdam klubunun rəqibinin 0:3 hesablı məğlubiyyəti ilə başa çatıb. “Monako” dörd turdan sonra beş xalla Fransa çempionatında 13-cü pillədə qərarlaşıb.

Belçika çempionatında altıncı turunun görüşləri çərçivəsində səfərdə “Vesterlo” ilə qarşılaşan “Anderlext” 3:0 hesabı ilə qalib gəlib. Çempionatda altı oyunda 13 xal toplayan “Anderlext” birinci pillədə yer alıb.

İngiltərə Premyer Liqasının dördüncü turu çərçivəsində öz meydanında “Everton”la qarşılaşan “Tottenhem” rəqibin qapısına yol tapa bilməyib (0:0). Dörd turda üç xal toplayan “Qarabağ”ın rəqibi turnir cədvəlində 20 komanda arasında 16-cı pillədədir.

Yunanıstan çempionatında ikinci turunun oyunları çərçivəsində Avroliqanın qrup mərhələsində “Qəbələ”nin rəqibi olan “PAOK” komandası da növbəti matçına çıxıb. Səfərdə “Pas Qyannina” ilə qarşılaşan Yunanıstan klubu 1:3 hesab ilə məğlub olub. Cəmi 1 xal toplamış “PAOK” hazırda 16 klub arasında 12-cidir.

Rusiya Premyer Liqasında yeddinci turunda “Krasnodar” (Kuban) komandası səfərdə Moskvada “Lokomotiv”inin qonağı olub. Meydan sahibləri oyunda 2:1 hesabı ilə qalib gəlib. Bu nəticədən sonra “Qəbələ”nin rəqibi Rusiya Premyer Liqasında 9 xalla səkkizinci pillədə qərarlaşıb.

Almaniya Bundesliqasının üçüncü turunda “Borussiya” (Dortmund) komandası “Siqnal İduna Park”da “Herta” ilə qarşılaşıb. Matç “Qəbələ”nin rəqibinin 3:1 hesablı qələbəsi ilə başa çatıb. Dortmundlular hazırda 9 xalla Almaniya çempionatında liderdir.

Xəbər 667 dəfə oxundu.