Vaqif Cavadov: Qəbələyə keçid öz təşəbbüsüm idi
Xəbər verdiyimiz kimi, UEFA Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanan “Qəbələ” “transfer pəncərəsi”nin son günündə heyətinə daha bir futbolçu qatıb. Bölgə klubu Azərbaycan millisinin futbolçusu Vaqif Cavadovu icarə əsasında heyətinə qatıb.

Artıq klub saytı da bu barədə rəsmi məlumat yayıb. Məlumatda bildirilir ki, “Xəzər Lənkəran”ın hücumçusu ilə 4 aylıq anlaşma əldə olunub. 26 yaşlı hücumçu “Qəbələ”yədək Rusiya MOİK-inin əvəzedici heyətində (2000-2007), “Qarabağ” (2007-2010, 2012-2013), Hollandiya “Tvente”sində (2010-2011) “Bakı” (2010-2011), Nijni-Novqorod “Volqa”sında (2011-2012), “İnter” (2013-2014), Türkiyənin “Qaziantep Böyükşehir Bələdiyyəsi” və "Boluspor" (2014-2015) klublarında legioner həyatı yaşayıb. 2015-ci ilin yayında “Xəzər Lənkəran”a keçən Cavadov Azərbaycan milli komandasında 58 qarşılaşmada 9 qol vurub.

Cavadov bu keçidi ilə bağlı azerisport.az saytına fikirlərini də bildirib: "Hər şey demək olar ki, 1-2 günün içində baş verdi. Bu keçidə görə bir tərəfdən şadam. Amma digər tərəfdən də "Xəzər Lənkəran"dakı ilk oyunuma hazırlaşırdım. Lakin "Qəbələ"yə keçmək istəmədiyimi desəm, bu da yalan olar. Bu, mənim təşəbbüsüm oldu. Tərəflər razılığa gəldilər, mən də etiraz etmədim. Ümid edirəm ki, "Qəbələ"yə Avropa Liqasının qrup mərhələsinin oyunlarında, eləcə də Topaz Premyer Liqasında faydalı olacağam".

Xəbər 811 dəfə oxundu.