Azərbaycan taekvondoçuları Türkiyədə keçirilən "Zəfər kuboku"nda beş medal qazanıb
Azərbaycan taekvondoçuları Türkiyənin Çərkəzköy bələdiyyəsinin dəstəyi ilə təşkil edilən "Zəfər kuboku" beynəlxalq turnirində iştirak ediblər.

Yarışa İraqdan və Türkiyənin bir neçə bölgəsindən 220-dək uşaq, yeniyetmə və gənc taekvondoçu qatılıb.

Yeniyetmələrin mübarizəsində baş məşqçi Vurğun Cəfərovun yetirmələrindən, 41 kiloqram çəki dərəcəsində dayanq üzərinə çıxan Xanoğlan Kərimov rəqiblərinə şans verməyərək turnirin qızıl medalını qazanıb. Gənclər arasında isə Xanruh Fətullayev (58 kq) finalda rəqibinə məğlub olaraq turnirin gümüş mükafatına layiq görülüb. Uşaqlar arasında Hümbət Kazımov (27 kq), yeniyetmələr arasında Nihat Abbasov (33 kq), gənclər arasında Mehriban Məmmədova (42 kq) yarımfinal mərhələsində məğlub olaraq yarışı bürünc medalla başa vurublar. Beləliklə, komandamız bu turnirdə ümumilikdə 5 medal qazanaraq uğura imza atıb.

Qeyd edək ki, Türkiyəyə 11 taekvondoçu ilə yollanan Sumqayıt Olimpiya İdman Mərkəzinin və bu şəhərin taekvondo məktəbinin idmançıları vətənə sentyabrın 3-də qayıdacaqlar.

Xəbər 827 dəfə oxundu.