Bahadırlarımız Vəhbi Əmrənin xatirə turnirində
28-29 yanvarda İstanbul şəhərində bu ölkənin titullu bahadırı Vəhbi Əmrənin xatirəsinə yunan-Roma güləşçiləri arasında XXX beynəlxalq turnir keçiriləcək. İdman.com.az saytının məlumatına görə, I Qızıl qran-pri xarakterli yarışda Azərbaycanla yanaşı, Türkiyə, İsveç, Gürcüstan, İtaliya, Cənubi Koreya, Belarus, Özbəkistan, Qazaxstan, Yaponiya, Rusiya, İran, Ukrayna, Yunanıstan və Bolqarıstan milli komandalarının iştirak etməsi gözlənilir.

Yığmamız turnirə məşqçilər Saleh Bora, Şaban Donat və Mütəəlib Yerliqayanın rəhbərliyi ilə 14 pəhləvanla qatılacaq. Türkiyəli çalışdırıcılar 2012-ci ilin ilk sınağında Eldəniz Əzizli, Elçin Əliyev (hər iksi - 55 kq), Kamran Məmmədov, Orxan Paşayev, Sakit Cəlilov (hər üçü - 60 kq), Həsən Əliyev, Vitali Rəhimov, Rəsul Çunayev (66 kq), Niyaməddin İbrahimov, Samuray Mustafayev, Elvin Mürsəliyev (74 kq), Rafiq Hüseynov (84 kq), Şalva Qadabadze (96 kq) və Maksim Proxorova (120 kq) şans verəcəklər.

Görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim İntiqam Alıyev təmsil edəcək.
Qeyd edək ki, turnirin proqramına əsasən, yanvarın 28-də 55, 66, 84 və 120 kq, yanvarın 29-da isə 60, 74 və 96 kq çəki dərəcələrində qaliblər müəyyənləşəcəklər.

Xəbər 1002 dəfə oxundu.