AİBA şanslarımızı dəyərləndirdi
Türkiyənin Trabzon şəhərində keçiriləcək boks üzrə olimpiya oyunlarına lisenziya xarakterli Avropa kvalifikasiya turnirinə 3 aydan da az vaxt qalıb. İdman.com.az saytının məlumatına görə, artıq AİBA qardaş ölkədəki yarışda neçə lisenziya qazanılacağını açıqlayıb.

Trabzondakı turnirdə cəmi 26 boksçu London olimpiadasına vəsiqənin sahibi olacaq. Azərbaycan Trabzon turnirində 49, 56, 60, 69 və 81 kq çəki dərəcələrində təmsil olunacaq. 69 kq çəki dərəcəsində mübarizə aparacaq boksçumuzu «dördilliy»ə vəsiqə qazanmaq üçün daha çətin sınaq gözləyir. Belə ki, bu çəki dərəcəsində yalnız finalçılar Londona yollanmaq şansı əldə edəcəklər. 81 kq-da isə ilk 3 yerin sahibləri olimpiadaya lisenziyaya yiyələnəcəklər.

49 kq çəki dərəcəsində mübarizə aparacaq boksçumuzun digərlərinə nisbətən işi daha asan olacaq. Bu çəkidə ilk 5 yeri tutan idmançılar Londona gedə biləcəklər. 56 və 60 kq çəki dərəcələrində 1-4-cü yeri tutan boksçular Olimpiadada iştirak edəcəklər.
Xatırladaq ki, Bakıda keçirilmiş dünya çempionatında 92 idmançı planetin ən böyük yarışında iştirak etmək hüququ qazanmışdı.

Xəbər 1294 dəfə oxundu.