"Qəbələ"dən Vobay açıqlaması
Julius Vobayın "Qəbələ" ilə müqavilə bağladığına dair iddialar həqiqətə uyğun deyil.

Bu barədə klubun meneceri Səbuhi Səfiyarlı məlumat verib.

Klub rəsmisi sierra-leoneli yarımmüdafiəçinin "Qəbələ"yə transfer olunmaq ehtimalının 1 faiz olduğunu bildirib: "Biz Vobayla bir neçə ay öncə maraqlanırdıq. Həmin vaxt o, "Neftçi"ni yenicə tərk etmişdi. Amma o vaxtdan klubsuzdur və hansı formada olduğu bilinmir. Vobayın "Qəbələ"yə keçmə ehtimalı 1 faizdir. Bu, yalnız o halda mümkün ola bilər ki, maraqlandığımız digər oyunçularla danışıqlar vaxt azlığı səbəbindən baş tutmasın. Belə variant isə real deyil".

Səfiyarlının fikrincə, Vobayın "Qəbələ" ilə anlaşdığına dair açıqlamalar verməsi özünü reklam və gündəmdə qalmaq istəyi ilə əlaqədar ola bilər. Klub rəsmisi sentyabrın 1-dək yeni oyunçu transferlərini yekunlaşdıraraq, Avropa Liqası üçün Sifariş Ərizəsini UEFA-ya təqdim edəcəklərini vurğulayıb.

Qeyd edək ki, bu gün "Qəbələ"nin Julius Vobayla 1 il müddətinə anlaşdığına dair xəbərlər yayılıb. Futbolçunun özü də xəbərləri təsdiqləyərək, yaxın günlərdə rəsmi müqavilə bağlamaq üçün Azərbaycana gələcəyini açıqlayıb. Vobay ölkəmizdə "Neftçi"dən əlavə, "Xəzər Lənkəran"ın da formasını geyinib.

Xəbər 690 dəfə oxundu.