"Uraloçka" Bakıya gəldi
Rusiyanın “Uraloçka” voleybol klubu təlim-məşq toplanışı üçün Bakıya gəlib. Bu gün paytaxtımıza təşrif buyuran Yekaterinburq təmsilçisi hazırlıqlara sabahdan start verəcək.

Əfsanəvi Nikolay Karpolun çalışdırdığı “Uraloçka”nın Bakını seçməsi səbəbsiz deyil. Belə ki, ruslar hazırda Sloveniyada olan Azərbaycan millisi ilə birgə məşq edib, yoxlama matçlarında qüvvələrini sınayacaqlar.

Yığmamızın bu təlim-məşq toplanışı da Belçika və Hollandiyadakı final mərhələsinin hazırlığına hesablanıb. Sabah vətənə dönəcək komandamız avqustun 31-də yenidən məşqləri bərpa edəcək.

Qeyd edək ki, Faiq Qarayevin başçılıq etdiyi yığmamız Mariborda təlim-məşq toplanışı çərçivəsində Xorvatiya ilə yoldaşlıq görüşü keçirib və 3:1 hesabı ilə qalib gəlib.

Xəbər 711 dəfə oxundu.