Türk əsilli futbolçu Əmrə Can Almaniya yığmasına çağırılıb
Almaniya millisinin baş məşqçisi Yoaxim Löv hazırda “Liverpul”da forma geyən yarımmüdafiəçi Əmrə Canı ilk dəfə olaraq yığma komandaya dəvət edib.

Ötən həftə İngiltərə Premyer Liqasında “Arsenal”-“Liverpul” matçını izləyən Y.Löv əslən türkiyəli olan 21 yaşlı futbolçunun oyununu yüksək qiymətləndirib. Baş məşqçi bildirib ki, Almaniya millisinin Əmrə Can kimi yarımmüdafiəçiyə ehtiyacı var. O, Əmrə Canı Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Polşa və Şotlandiya yığma komandalarına qarşı keçiriləcək görüşlərdə forma geyməyə çağırıb.

Yarımmüdafiəçi “Liverpul”da Stiven Gerrardın xələfi hesab olunur. Türk əsilli futbolçu əvvəllər Almaniya millisinin aşağı yaş qrupunda, eləcə də “Bavariya” və “Bayer” klublarında çıxış edib.

Xəbər 683 dəfə oxundu.