Sərbəst güləşçilər dünya çempionatında mübarizəyə qoşulublar
Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda yeniyetmə güləşçilərin dünya çempionatı davam edir.

Çempionatın sonuncu günlərində sərbəst güləşçilər yarışacaqlar. Azərbaycanın yeniyetmələrdən ibarət yığma komandasının böyük məşqçisi Nazim Əlicanov və məşqçi Vahid Məmmədovun rəhbərliyi ilə ölkəmizi Şahin Muxtarov (42 kq), Əsgər Məmmədəliyev (46 kq), İslam Bazarqanov (50 kq), Fərrux Əliyev (54 kq), Fazil Həsənov (58 kq), Orxan Abbasov (63 kq), İsmayıl Abdullayev (69 kq), Əhliman Quliyev (76 kq), Rahid Həmidli (85 kq) və Alimaqomed Alixmayev (100 kq) təmsil edəcəklər.

Çempionatın beşinci günündə 42, 50, 58, 69 və 85 kiloqram çəki dərəcələrində sərbəst güləşçilər yarışacaqlar. Səkkizdəbir final mərhələsindən mübarizəyə qoşulacaq Şahin Muxtarov Malik Heinselman (ABŞ) ilə, İsmayıl Abdullayev isə Salvatore Diana (İTA) ilə qarşılaşacaq. Onaltıdabir final mərhələsindən döyüşəcək İslam Bazarqanovun ilk rəqibi İsveçrə pəhləvanı Dominik Laritz olacaq. Fazil Həsənov İsrail güləşçisi Gennadi Benoquev, Rahid Həmidli isə qırğızıstanlı Dinislambek Taalaibek ilə üz-üzə gələcək.

Dünya çempionatının ilk iki günündə mübarizə aparan yeniyetmə yunan-Roma güləşçiləri yarışı 3 bürünc (Fail İsgəndərov, Xancavad Məcidzadə və Ülvi Qənizadə) medalla başa vurub.

Çempionatda 5 güləşçi ilə təmsil olunan qızlardan ibarət komandamız isə 1 qızıl (Leyla Qurbanova), 2 bürünc (Zelfira Ələkbərli və Şəbnəm Əhmədova) medal qazanıblar.

Xəbər 848 dəfə oxundu.