“Bakı” 2 legionerlə anlaşdı
“Yeni legionerlərimiz Bakoviçla Lukasın keçidini həll etmək üzrəyik. Onların müqavilə məsələlərini rəsmiləşdirəndən sonra açıqlayacağıq”. İdman.com.az saytının məlumatına görə, bu façıqlamanı apasport.az-a “Bakı”nın vitse-prezidenti deyib. Qış fasiləsində heyətini gücləndirilməyi yönündə çalışan “zolaqlılar” Balkan təmsilçilərindən növbəti transferlərini reallaşdırır. Bunlar xorvatiyalı mərkəz müdafiəçisi Duje Bakoviçlə sloveniyalı hücumameylli mərkəz yarımmüdafiəçisi Lukas Mario Xorvatdır.

Zeynal Məmmədovun sözünə görə, hər 2 futbolçunun müqavilə ilə məxsus olduğu klublarla məsələni həll ediblər: “Klubumuzun prezidenti Hafiz Məmmədovun qərarını gözləyirik. Transferlərlə bağlı onu məlumatlandırırıq. Bu 2 legionerin transferi 90 faiz həll olunub. Bakoviç Xorvatiyanın “Rieka”, Lukas Sloveniyanın “Domjale” klubundan gəlib. Onların komandamıza xeyir verəcəyinə inanırıq. Bundan sonra da yeni transferlər gözlənilir. Hazırlığın 2-ci mərhələsində bunu reallaşdırmağa çalışacağıq”.

1985-ci ildə Argentinada anadan olan Lukas “River Pleyt”in yetirməsidir. 2004-cü ildən Sloveniyada yaşayaraq, oranın da vətəndaşlığını daşıyan orta sahə oyunçusu bu ölkənin bir neçə klubunda oynayıb. Mario ötən ildən “Domjale”də oynayır və “Bakı”nın yayda transfer etdiyi Xavyer Junior Vilsonla orada komanda yoldaşı olub. Braziliyalı yarımmüdafiəçi də öz ölkəsi ilə yanaşı, Sloveniyanın vətəndaşlığını daşıyır. 1986-cı ildə Xorvatiyanın anadan olan Duje doğulduğu Rieka şəhərinin eyni adlı komandasında ilk addımlarını atıb və karyerasının çox hissəsini (55 oyun) orada keçirib. O, Xorvatiyanın 18, 19 və 21 yaşlılardan ibarət yığmalarında oynayıb.
Qeyd edək ki, “Bakı” bu gün Antalyaya 2-ci təlim-məşq toplanışına yollanıb.

Xəbər 1019 dəfə oxundu.