Dünyanın şahmat ulduzları Makedoniyada Avropa klub çempionatında mübarizə aparacaqlar
Oktyabrın 17-dən 25-dək Makedoniyanın Skopye şəhərində şahmat üzrə Avropa klub çempionatı keçiriləcək.

Turnirin rəsmi saytında komandaların heyətləri açıqlanıb. Onların arasında norveçli Maqnus Karlsen, hindistanlı Vişvanatan Anand və bu günlərdə dünyanın 10 ən güclü şahmatçısı siyahısında yerini möhkəmləndirən çinli Din Lijen istisna olmaqla, demək olar ki, bütün aparıcı qrossmeysterlərin adları var.

Ənənəvi reytinq-favorit Azərbaycanın “SOCAR” (2749) komandası əvvəlki heyətlə çıxış edəcək. Bu heyətə Fabiano Karuananın (2797) qayıtması barədə aprel ayında məlumat verilib. Onunla bərabər, komandada Veselin Topalov (2816), Şəhriyar Məmmədyarov (2808), Aniş Giri (2791), Maykl Adams (2740), Teymur Rəcəbov (2738), Rauf Məmmədov (2655) və Eltac Səfərli (2649) mübarizə aparacaqlar. Vladimir Tukmakovun yetirmələrinin əsas rəqibləri Rusiyanın “Sibir” (2708), “Mednıy Vsadnik” (2693), Çexiyanın “Novi Bor” (2676), Makedoniyanın “Alkaloid” (2669) və s. komandalarıdır.

Azərbaycanın “Odlar Yurdu” klubu da qızıl medal uğrunda mübarizə aparmaq əzmindədir. Komandanın heyətində Vasif Durarbəyli (2630), Emil Sutovski (2619), Qədir Hüseynov (2616), Nicat Məmmədov (2597), Ülvi Bacarani (2515), Nicat Abbasov (2510), Vüqar Rəsulov (2504) və Zaur Məmmədov (2482) yer alıblar.

Xəbər 735 dəfə oxundu.