“Qarabağ” fransalı futbolçunu bəyənmədi
Antalyada təlim-məşq toplanışında olan “Qarabağ” yenidən məşqlərə başlayıb. İdman.com.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, baş məşqçi Qurban Qurbanovun “Taras”la yoxlama oyunundan sonra verdiyi 1 günlük istirahət başa çatıb.

Yaranmış fasilədə şəhərə gəzməyə yollanan futbolçular üçün bu gün 2 məşq olacaq. İlk hazırlıq ənənəvi olaraq yerli vaxtla 11:00-da başlayıb. Təxminən 90 dəqiqə davam edən çalışma fiziki hazırlığa yönəlib. Qızdırıcı təmrinlərdən sonra “stansiya” çalışmaları yerinə yetirilib. Sonda isə toplu hərəkətlərlə ilk məşq sona çatıb.

Bu arada komandanın düşərgəsinə baxışa gələn futbolçulardan biri artıq yola salınıb. Fransalı Sofiane Cobuaninin hazırlığı yetərli olmadığına görə geri göndərilib. İgor Juqoviç və Dmitri Rekiş isə hələ düşərgədədir. Adı çəkilən futbolçular 2 gün sonra “Rid”lə baş tutacaq oyunda bir daha yoxlanılacaq.
Qeyd edək ki, günün 2-ci çalışması 18:00-da baş tutacaq.

Xəbər 973 dəfə oxundu.