Raydell Pupon: “Birinci qolu vurandan sonra ardı gələcək”
"Oyuna əla başladıq. Reynaldo keyfiyyətli oyunçu olduğunu sübut etdi. Artıq 4-cü dəqiqədə rəqibin qırmızı vərəqə almasına şərait yaratdı və penalti qazandı”. Bu sözləri "Qarabağ”ın hollandiyalı hücumçusu Raydell Pupon deyib.

Avropa Liqasının pley-off mərhələsində "Qarabağ”ın "Yanq Boyz”u böyük hesabla məğlub etdiyi qarşılaşmada ikinci hissədə meydana çıxan legioner futbolçu matçı dəyərləndirib: "Hesabı erkən açdıq. Bundan sonra oynamaq asan oldu. Komanda rahat oynadı”.

Ağdam klubunda hələ də qol hesabını aça bilməyən Pupon ilk topun hər şeyi həll edəcəyini düşünür: "Qol vurmaq üçün mənim də imkanım oldu. Bura gələndən belə imkan gözləyirdim. Təəssüf ki, topu qapıçının üstünə vurdum. İlk qolumu səbirsizliklə gözləyirəm. Məncə, birinci qolu vurandan sonra ardı gələcək”.

Xəbər 653 dəfə oxundu.