Azərbaycanın “Lokomotiv” voleybol klubu Almaniya millisinin üzvü ilə müqavilə imzalayıb
Azərbaycanın “Lokomotiv” klubu daha bir voleybolçunun keçidini həll edib.

Yeni mövsümdə Çempionlar Liqasında oynayacaq Bakı təmsilçisi Almaniya millisinin blokçusu Berit Kauffeldt ilə müqavilə imzalayıb. Razılaşmaya əsasən 25 yaşlı oyunçu 2015/2016-cı il mövsümündə “Lokomotiv”in uğurları üçün çalışacaq. 190 santimetr boyu olan B.Kauffeldt Polşanın “İmpel Vrotslav” klubundan transfer edilib.

O, indiyədək “Şverner” (2007-2012-ci illər, Almaniya), “Pallovolo” (2012-2013-cü illər) və “Conegliano” (2013-2014-cü illər, hər ikisi İtaliya) komandalarının şərəfini qoruyub.

Almaniya millisinin heyətində 49 qarşılaşmaya çıxan blokçu komandanın əsas siması hesab edilir.

“Lokomotiv” B.Kauffeldtdən əvvəl Oksana Kiselyova (Azərbaycan), Ayşən Abduləzimova (Azərbaycan), Ülkər Kərimova (Azərbaycan), Yana Əzimova (Azərbaycan), Aleksandra Çrnıçeviç (Serbiya), Yaroslava Pencova (Slovakiya), Aneta Havliçkova (Çexiya), Kanani Danielson (ABŞ) Hana Çitura (Xorvatiya) və Özgə Kirdar Çəmbərci (Türkiyə) ilə müqavilə bağlayıb.

Xəbər 944 dəfə oxundu.