"Qəbələ" tarixə düşdü
Avrokuboklarda ikinci mövsümünü keçirən "Qəbələ" tarixində ilk dəfə Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanıb.

"Qırmızı qaralar" bu uğura Yunanıstanın adlı-sanlı "Panatinaikos" klubunu mübarizədən kənarlaşdırmaqla imza atıb.

Bakıda "Panatinaikos"la 0:0 bərabərə qalan "Qəbələ" Yunanıstanda da rəqibinə uduzmayıb - 2:2. Bu nəticə ilə "Qəbələ" tarixində ilk dəfə qrup mərhələsində oynamaq hüququ əldə edib.

Eyni zamanda Roman Qriqorçukun komandası Avropa Liqasında dörd mərhələ keçən ilk Azərbaycan klubu kimi tarixə düşüb. "Qəbələ" qrup mərhələsinə qədər müvafiq olaraq "Dinamo" (Gürcüstan), "Çukariçki" (Serbiya), "Apollon" (Kipr) və nəhayət "Panatinaikos" (Yunanıstan) klublarını mübarizədən kənarlaşdırıb.

Qeyd edək ki, "Qəbələ" Avropa Liqasının qrup mərhələsində oynayacaq üçüncü Azərbaycan klubu olub. Daha öncə "Neftçi" və "Qarabağ" ölkəmizi Avropa Liqasının qrup mərhələsində təmsil edib.

Xəbər 715 dəfə oxundu.