Snayperlərimiz son lisenziya yarışında
Güllə atıcılığı üzrə yığma komandamız 25-29 yanvarda Münhendə keçiriləcək beynəlxalq turnirdə iştirak edəcək. Azərbaycan Atıcılıq Federasiyasının vitse-prezidenti Rasim Rzayevin idman.com.az saytına verdiyi məlumata görə, snayperlərimiz yarışlarda pnevmatik tapançadan 10 metr məsafədə yerləşən hədəfləri nişan alacaqlar. Rəqabətdə İradə Aşumova, Nigar Bağırova, Zərifə Qasımova, Xavər Cəbrayılova, Nərminə Səmədova, Rəsul Məmmədov və Ruslan Lunyov mübarizə aparacaqlar.

Afina olimpiadasının bürünc mükafatçısı və yığma komandamızın bir neçə üzvü oradan birbaşa Finlandiyada keçiriləcək təlim-məşqlərdə iştirak etmək üçün bu ölkəyə yola düşəcəklər. 14 gün davam edəcək təlim-məşqlərdə iştirak etməkdə məqsəd, bu ölkədə keçiriləcək Avropa çempionatına hazırlaşmaqdır. Qitə çempionatında yığma komandamızın üzvləri 10 metr məsafəyə atəş açmaq proqramında iştirak edəcəklər.

Qeyd edək ki, bu yarış London-2012-yə lisenziya verən son yarışdır. Rasim Rzayev qitə çempionatının yığma komandamız üçün böyük əhəmiyyət daşıdığını və bu yarışlarda gənc atıcılarımızın lisenziya əldə edəcəklərinə ümid bəslədiyini dedi. O, Nigar Bağırovanın məhz 10 metr məsafə üzrə pnevmatik tapançadan atəşaçma yarışlarında gənclər arasında Avropa çempionatının mükafatçısı olduğunu da diqqətimizə çatdırdı.

Xatırladaq ki, İradə Aşumova Belqrada keçirilmiş Avropa çempionatında artıq London olimpiadasına vəsiqə qazanıb. Afina olimpiadasının bürünc mükafatçısı bir neçə gün bundan öncə İzraildə təşkil olunmuş 14 günlük təlim-məşqlərdə hazırlığını artırıb.

Leyla QURBANOVA

Xəbər 1367 dəfə oxundu.