“Bakı” favoritlərlə bacarmır
Bu gün qadın voleybolçular arasında Azərbaycan Super Liqasında VI turun oyunları keçirilib. İdman.com.az saytının məlumatına görə, Bakı İdman Sarayında baş tutan 3 görüşdən sonra ilk “üçlük” yenə dəyişməz qalıb.

Belə ki, tura “Rabitə” – “Azəryolservis” görüşü ilə start verilib. Debütant yalnız ilk setin birinci texniki fasiləsinə kimi ciddi müqavimət göstərib – 7:8. Lakin bundan sonra Zoran Qayiçin komandası tam üstünlüyə yiyələnərək, rəqibə çətin anlar yaşadıblar.

Birinci setdə 25:16 hesabı ilə qalib gələn “Rabitə” növbəti hissədə “Azəryolservis”ə 12 xal “güzəştə” gedib. Üçüncü set isə daha asan alınıb. Son Azərbaycan çempionu bu dəfə hissəni 15 xallıq fərqlə aktivinə yazıb – 15:10.

Bundan sonra turun mərkəzi – “Azərreyl” – “Bakı” matçına start verilib. V turda “Rabitə”yə uduzan Ancelo Verçesinin komandası qisasını “dəmiryolçular”dan almağa çalışsalar da, bu alınmayıb. Düzdür, onlar ilk hissəni asanlıqla qazanıblar. Lakin ardından “Azərreyl” növbəti 3 setdə daha üstün oynayıb və sensasiya imkan verməyib – 3:1.

Turun son oyunu “İqtisadçı” ilə “Lokomotiv” arasında olub. CEV kubokunda “Yamamay”a uduzmaqla avrokubokla vidalaşan “tələbələr” bu dueldən də məğlub ayrılıblar. Bu isə onların mükafatçılar sırasına düşmək şanslarını daha da çətinə salıb.

Beləliklə, VI turdan sonra “Bakı” keçirdiyi oyun sayına görə yenə birincidir. “Rabitə” və “Azərreyl” də mövqelərini dəyişməyiblər. Yalnız layiqli qələbə qazanan “Lokomotiv” 2 pillə irəliləyərək, 4-cü yerə yüksəlib.

22 yanvar
VI tur

“Rabitə” – “Azəryolservis” - 3:0 (25:16, 25:12, 25:10)
Hakimlər: Murad Abdurahmanzadə, Ceyhun İsmayılov

“Azərreyl” – “Bakı” - 3:1 (15:25, 25:17, 25:23, 25:16)
Hakimlər: Eldar Zülfüqarov, Səbuhi Əliyev

“İqtisadçı” – “Lokomotiv” - 0:3 (24:26, 21:25, 20:25)
Hakimlər: Konstantin Selin, Vüqar Cəfərov


O Q M S T X

1.«Bakı» 6 4 2 13-6 442:387 10
2.«Rabitə» 4 4 0 12-1 317:216 8
3.«Azərreyl» 4 4 0 12-4 376:318 8
4. «Lokomotiv» 4 2 2 8-6 224:285 6
5.«Azəryolservis» 5 1 4 5-12 333:390 6
6. «İqtisadçı» 4 1 3 4-10 305:342 5
7.«Lokomotiv Biləcəri»5 0 5 0-15 235:376 5

Xəbər 1792 dəfə oxundu.