“Tələbələr” Pino ilə gücləndi
Qadın voleybolçulardan ibarət “İqtisadçı” klubu qış fasiləsində növbəti transferini gerçəkləşdirib. İdman.com.az saytının məlumatına görə, universitet komandası braziliyalı Kristina Fernanda Ferreyranın ardından kolumbiyalı Kenni Moreno Pinonun keçidini həll edib.

Öz ölkəsinin milli komandasının şərəfini qoruyan 33 yaşlı voleybolçu İtaliyanın “Kariparma” klubundan transfer olunub. Parma təmsilçisinin heyətində yığmamızın voleybolçusu Kseniya Kovalenko ilə komanda yoldaşı olan Pino mövsümün sonunacan Super Liqanın bürünc mükafatçısının şərəfini qoruyacaq.

2005-ci ildən Kolumbiya millisində çıxış edən voleybolçu daha öncə “Leytes Nestle” (Braziliya, 1998-1999), “Karamarka” (Argentina, 1999-2001), “Padova” (2002-2003), “Forli” (2003-2006), “Acqua&Sapone” (2008-2009), “Kariparma” (hamısı - İtaliya, 2011-2012), “JT Marvelous” (Yaponiya, 2006-2008) və “Hyundai-Hillstate” (Koreya, 2009–2011) klublarında oynayıb.
Qeyd edək ki, yalnız İtaliya istisna olmaqla, oynadığı ölkələrdə mükafatçılar sırasında yer alan Pino 184 sm boya malikdir.


Xəbər 1847 dəfə oxundu.