Xorvatiya futbol millisinin baş məşqçisi Azərbaycan yığması ilə bağlı fikirlərini bölüşüb
"Biz Azərbaycan və Norveç üzərində evdə qazandığımız inamlı qələbələrimizi yaddan çıxarmalıyıq".

"Report"un məlumatına görə, bunu Xorvatiya milli komandasının baş məşqçisi Niko Kovaç Azərbaycan və Norveç yığmaları ilə Avro-2016-nın seçmə mərhələsi çərçivəsində səfərdə keçiriləcək oyunlardan öncə bildirib.

44 yaşlı mütəxəssis yenə böyük hesabla qələbə qazanmağın çətin olacağını diqqətə çatdırıb:

"Azərbaycan millisinin baş məşqçisi dəyişib. Bizim adamımız Robert Prosineçki yaxşı və ciddi komanda qurub. Bunu verdiyi nəticələr də göstərir. Keyfiyyət bizim tərəfdədir, lakin üstünlüyümüzü peşəkar yanaşma və köklənmə ilə göstərə bilərik".
Xorvatiya yığması sentyabrın 3-də Azərbaycanın, 3 gün sonra isə Norveçin qonağı olacaq. Məhz Osloda keçiriləcək oyunda Xorvatiya Avro-2016-nın final mərhələsinə vəsiqəni özünə təmin edə bilər.

Kovaç bunu yaxşı anladıqlarını və hədəflərinin Fransada keçiriləcək çempionatda iştirakdan ibarət olduğunu açıqlayıb:

"Bu yola bir il əvvəl çıxmışıq. İndiyədək yaxşı işlər görmüşük. Amma işimizi başa vurmalıyıq və əvvəlki kimi oynamalıyıq. Bizə yaxşı hazırlıq, komanda ruhu və tam sürət lazımdır. Sonradan nəticə özü gələcək".

Qeyd edək ki, hazırda "H" Qrupuna 6 oyundan 14 xalla liderlik edən Xorvatiya millisi seçmə tsikldə böyük hesablı qələbələrini Azərbaycan və Norveç üzərində qazanıb - 6:0, 5:1.

Xəbər 823 dəfə oxundu.