"Qəbələ" Avropa Liqasında yubiley matçına çıxır
"Qəbələ" avqustun 27-də Avropa Liqasının pley-off mərhələsinin cavab görüşü çərçivəsində "Panatinaikos"la qarşılaşacaq.

İdman.com.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, Bakıda keçirilən ilk matçda qolsuz heç-heçə ilə kifayətlənən “qırmızı-qaralar” qrup mərhələsinə vəsiqə uğrunda həlledici matçı səfərdə keçirəcək.

Afinada keçiriləcək qarşılaşma "Apostolos Nikolaidis" stadionunda baş tutacaq. Bu matç Qəbələ təmsilçisinin avrokuboklarda yubiley – 10-cu oyunu olacaq. Bunadək 9 görüşə çıxan “Qəbələ” bütün oyunlarını Avropa Liqasında keçirib. Avrokuboklardakı debüt ilində - 2014/15 mövsümündə iki matç keçirən komanda cari mövsüm artıq 7 oyunda iştirak edib.

Bu 9 matçda “Qəbələ” 3 qələbə qazanıb, 2 heç-heçə edib və 4 dəfə uduzub. Bu matçlarda "Qəbələ" 7 qol vurub, 9-nu buraxıb. “Qəbələ”nin qollarını 4 futbolçu vurub. Cavid Hüseynov 3, Sergey Zenyov 2, Aleksey Antonovla Asif Məmmədov hərəyə 1 dəfə fərqlənib. Avrokuboklarda ən çox oyun keçirənlər isə əvvəlki 9 matçın hamısında iştirak edən Dodo və Rafael Santosdur. Lakin sonuncu cəza üzündən Afinadakı qarşılaşmanı buraxacaq.

Qeyd edək ki, "Panatinaikos" - "Qəbələ" oyunu Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Xəbər 686 dəfə oxundu.