Azərbaycanı Braziliyaya bənzədən Kovaç: “Səfərdə də 6 qol vuracağımızı düşünmürəm”
"Robert Prosineçki Xorvatiya yığması haqda hər şeyi bilir. Gizli heç bir sirrimiz yoxdur. Çünki o, daha öncə burda olub və Xorvatiya millisində oynayıb. O, güclü ekspertdi və komandamızı beş barmağı kimi tanıyır”. Bu sözləri Xorvatiya millisinin baş məşqçisi Niko Kovaç deyib.

Xorvatiya mətbuatına danışan 43 yaşlı mütəxəssis AVRO-2016-nın seçmə mərhələsində sentyabrın 3-də qarşılaşacaqları Azərbaycan millisi ilə oyuna da toxunub. O, Azərbaycan yığmasının hazırda daha ciddi komanda olduğunu bildirib:

"Prosineçki ilə uzun illər birgə oynamışıq və yaxşı münasibətimiz olub. O, ağır durumda olan bir yığma komandanı qəbul etmişdi. Amma seçmə mərhələnin iki oyunundan və bir sıra yoldaşlıq matçlarından sonra komandanı ayağa qaldıra bilib. İndi Azərbaycan millisinin siması və öz oyun üslubu var. Prosineçki yığmanı müasirləşdirib. Artıq Azərbaycan millisi daha ciddi komandadır”.

Azərbaycanı Braziliyaya bənzədən mütəxəssis Prosineçkinin "Barselona” üslubunda futbol oynatdığını qeyd edib: "Onun oyun fəlsəfəsini topla oyun təşkil edir. Çünki hələ futbolçu olarkən topla çox rəftar etməyə üstünlük verərdi. O, "Barselona”nın oyun üslubunu sevir. Bəzi futbolçular bu üsluba uyğun səviyyədə olmasalar da, Prosineçki bunu Azərbaycan yığmasında da tətbiq etməyə çalışır. O hər zaman topun səhvsiz ötürülməsinə israr edir. Ona görə də Osiyekdəki nəticəni təkrarlaya biləcəyimizi, səfərdə də onlara 6 qol vuracağımızı düşünmürəm. Üstəlik, 35 dərəcə istidə oynamaq da bizə çətinlik yaradacaq. Bu baxımdan Bakı mənə Braziliyadakı Dünya Çempionatında Manaus şəhərini xatırladır... Azərbaycan simasını tam dəyişib. Hər şey də Prosineçkiyə inamla bağlıdır”.

Məqsədlərinin ən qısa zamanda Avropa Çempionatına vəsiqəni təmin etmək olduğunu deyən Kovaç bu yolda ən çətin maneə kimi Norveç və Bolqarıstanı deyil, Prosineçkini göstərib: "Məhz Bakıdakı oyundan sonra qrupda çox şeyə aydınlıq gələcək. "Sarışın” isə bizim işimizi çətinləşdirmək üçün hər vasitəyə əl atacaq. O, diqqət mərkəzində olacaq. Və bu diqqətin boşuna getməməsinə çalışacaq. Amma Biz Bakıya qələbə dalınca gedəcəyik”.

Xəbər 692 dəfə oxundu.