Avroliqadakı təmsilçilərimiz “Qarabağ” və “Qəbələ” Topaz Premyer Liqasında qələbə qazanıblar
Futbol üzrə Topaz Premyer Liqasının üçüncü turunda dörd qarşılaşma oynanılıb.

UEFA Avropa Liqasının pley-off mərhələsində İsveçrədə “Yanq Boyz” üzərində qələbədən sonra böyük ruh yüksəkliyi ilə meydana çıxan Ağdamın “Qarabağ” komandası bu turda səfər matçında AZAL-ı məğlub edib - 2:0. “Xəzər-Lənkəran” isə doğma meydanda “Rəvan”ın müqavimətini qıra bilməyib - 1:1. Avroliqadakı digər təmsilçimiz “Qəbələ” ev oyununda “Kəpəz” komandası üzərində minimal hesabla (1:0) qələbə qazanıb. Flaqman “Neftçi” isə Bakıda “Sumqayıt”ı 2:1 hesabı ilə məğlubiyyətə uğradıb.

Turun avqustun 24-də oynanılacaq sonuncu görüşündə “Zirə” və “İnter” komandaları üz-üzə gələcək.

Hazırda turnir cədvəlinə hesabında 7 xal olan “Qarabağ” komandası liderlik edir.

Xəbər 740 dəfə oxundu.