“Qarabağ”ın qələbəsi və “Qəbələ”nin heç-heçəsi Azərbaycanın UEFA-da reytinqində mövqeyinin yaxşılaşmasına təsir göstərib
UEFA Avropa Liqasının pley-off mərhələsinin avqustun 20-də keçirilən ilk oyunlarında klublarımızın uğurlu çıxışı

Azərbaycanın UEFA reytinqindəki mövqeyini yaxşılaşdırıb. Azərbaycanın UEFA reytinqindəki xal ehtiyatı 0,375 xal çoxalıb. Ölkəmiz reytinq siyahısında 54 ölkə arasında üç pillə irəliləyərək ilk dəfə olaraq 26-cı pillədə qərarlaşıb.

Azərbaycanı Avroliqa turnirində təmsil edən Ağdamın “Qarabağ” komandası səfərdə İsveçrənin “Yanq Boyz” kollektivi ilə qarşılaşmada 1:0 qələbə qazanıb. “Qəbələ” klubu isə Bakıda “Panatinaikos” (Yunanıstan) ilə qolsuz heç-heçə edib. Hazırda Azərbaycanın hesabında 13,250 reytinq xalı var ki, onun da 2,750 xalı cari mövsümdə qazanılıb.

Azərbaycan avrokuboklarda təmsilçisi qalmayan Bolqarıstan və Sloveniyanı, həmçinin klublarının turnirdə çıxışlarını davam etdirdiyi Serbiyanı qabaqlamağa nail olub.

Qeyd edək ki, təmsilçilərimizin təsnifat mərhələsindəki qələbəsi Azərbaycana 0,250, heç-heçə isə 0,125 reytinq xalı qazandırır.

AZƏRTAC

Xəbər 892 dəfə oxundu.