Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi haqqında AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI
Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

Azərbaycan Respublikası Milli Məclisinin 1994-cü il 26 iyul tarixli 861 nömrəli Qərarına müvafiq olaraq qərara alıram:

1. Azərbaycan Respublikasının Gənclər və İdman Nazirinə tapşırılsın ki, on gün müddətində nazirliyin funksiyalarını, hüquq və vəzifələrini əks etdirən Əsasnaməsini və strukturunu hazırlayıb müəyyən olunmuş qaydada Azərbaycan Respublikası Prezidentinə təqdim etsin.

2. Müəyyən edilsin ki, Əsasnamə nazirliyin aşağıdakı başlıca fəaliyyət istiqamətlərini əhatə etməlidir:
- Azərbaycanın sosial, iqtisadi və mədəni inkişafının ümummilli strateji siyasətinə uyğun gənc nəslin tərbiyəsi;
- Gənclərlə iş sahəsində cəmiyyətin demokratik inkişafı tələblərinə cavab verən siyasətin həyata keçirilməsi;
- Gənclərin qüvvə və bacarıqlarının, yaradıcılıq imkanlarının milli dövlət quruculuğu vəzifələrinin yerinə yetirilməsinə, ölkədə həyata keçirilən islahatlar proqramlarının
gerçəkləşdirilməsinə səfərbər olunması;
- Gənclər arasında ümumbəşəri və milli dəyərlərin təbliğinin təmin edilməsi;
- Gənclərin yüksək sosial, mənəvi və sağlam fiziki inkişafını təmin edən bütün fəaliyyət sahələrinin istiqamətləndirilməsi;
- Gənclər arasında Azərbaycanın tarixi və mədəni irsini yaymaqla, onların vətənpərvərlik, Vətənə sədaqət, müstəqəlliyimizin, dövlətçiliyimizin, torpaqlarımızın müdafiəsinə daimi hazırlıq ruhunda tərbiyə edilməsi;
- Gənclər arasında işsizliyin aradan qaldırılması üçün başqa dövlət orqanları ilə birgə fəaliyyət göstərməsi;
- Aztəminatlı ailələrdəki uşaqların və yetim uşaqların sosial problemlərinin həllinə dair dövlət proqramının həyata keçirilməsinə yaxından kömək göstərilməsi;
- Hamılıqla qəbul edilmiş beynəlxalq hüquq sənədlərində əksini tapmış uşaqların hüquqlarının müdafiəsi üçün yönəldilmiş tədbirlərin həyata keçirilməsi;
- Bazar iqtisadiyyatı mühitində gənclərin sahibkarlığa cəlb edilməsi sahəsində başqa dövlət idarəetmə orqanlarının işinin əlaqələndirilməsi;
- Gənclər təşkilatlarının formalaşmasında Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq iştirak edilməsi, onların fəaliyyətinin əlaqələndirilməsi;
- Gənclərin problemləri ilə bağlı beynəlxalq tədbirlərdə onların fəal iştirakına kömək göstərilməsi;
- Azərbaycan Respublikası bədən tərbiyəsi sahəsində milli proqramın həyata keçirilməsi;
- Azərbaycan xalqının milli-mənəvi dəyərlərinə əsaslanan sağlam həyat tərzinin əhali arasında aşılanmasının təmin edilməsi, bədən tərbiyəsinin geniş təbliğinin təşkil edilməsi;
- Əhali, xüsusilə böyüməkdə olan gənc nəsil arasında idmanın və bədən tərbiyəsinin kütləviliyinin təmin edilməsi məqsədilə digər dövlət orqanları və ictimai təşkilatlarla birlikdə onların maddi texniki bazasının inkişaf etdirilməsi;
- Azərbaycanın beynəlxalq idman əlaqələrinin genişlənməsinə köməklik göstərilməsi.

3. Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinə tapşırılsın ki, üç ay ərzində gənclərlə iş sahəsində milli siyasət konsepsiyasını və əhalinin fiziki tərbiyə proqramını hazırlayıb, təsdiq olunmaq üçün Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.

4. Azərbaycan Respublikası Nazirlər Kabinetinə tapşırılsın ki, nazirliyin maliyyə və maddi-texniki təchizatı üçün Azərbaycan Respublikası Milli Məclisinin 1994-cü il 26 iyul tarixli 861 nömrəli qərarından irəli gələn məsələləri həll etsin.

Heydər Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 26 iyul 1994-cü il

Xəbər 1215 dəfə oxundu.