"Qəbələ" komandasının baş məşqçisi: Futbolçuların mübarizəsindən razı qaldım
Bu gün əvvəlki oyunlarla müqayisədə daha yaxşı oynadıq. Nəticənin də, oyunun da daha yaxşı olmasını istərdik. Çünki bunu bacara biləcəyimizi düşünürəm. Lakin bu, pis nəticə deyil. Futbolçularımızın mübarizə əzmkarlığından razı qaldım. Onlar əllərindən gələni etməyə çalışdılar.

Bu fikirləri UEFA Avropa Liqası yarışlarının pley-off mərhələsi çərçivəsində keçirilən "Qəbələ" (Azərbaycan) – "Panatinaikos" (Yunanıstan) kollektivlərinin ilk qarşılaşmasından sonra komandamızın baş məşqçisi Roman Qriqorçuk keçirdiyi mətbuat konfransında bölüşüb.

Ukraynalı mütəxəssis deyib: "Xüsusilə ilk hissənin ikinci yarısı xoşuma gəldi. Rəqib qapısında çox sayda qol imkanı yarada bilmədik. Əvəzetmələri nə vaxt reallaşdırmaq mənim qərarım idi. Aleksey Antonov taktiki cəhətdən yaxşı oynadı. Onu yalnız yorulduğunu görəndə əvəzlədim. "Panatinaikos"la ilk qarşılaşma nəyin üzərində çalışmalı olduğumuzu göstərdi. Topu orta sahədə daha çox saxlamalıyıq. Müdafiədə bəzi çatışmazlıqları aradan qaldırmalıyıq. Əks-hücumların sürətli təşkil olunmasının da üzərində çalışmalıyıq. İndiki heyətimiz yaxşı oynadı, lakin komandanı gücləndirə biləcək futbolçu lazımdır. Amma rəqabət yarada biləcək oyunçu tapmaq asan deyil".

Qeyd edək ki, "Qəbələ" (Azərbaycan) – "Panatinaikos" oyununda hesab açılmayıb (0:0).

Xəbər 756 dəfə oxundu.