"Panatinaykos"un "Qəbələ"yə qarşı start heyəti
“Panatinaikos”un UEFA Avropa Liqasının pley-off mərhələsi çərçivəsində “Qəbələ” ilə bu gün keçiriləcək oyun üçün start heyəti məlum olub. Yunanıstan mətbuatı baş məşqçi Yannis Anastasiunun sürpriz heyət meydançaya buraxmayacağını bildirib.
Həmkarlarımız Afina klubunun bu gün 4-5-1 taktiki sxemindən yararlanacağını qeyd ediblər. Çərçivədə Yunanıstan millisinin qolkiperi Stefanos Kotsolis dayanacaq. Müdafiənin mərkəzində Statis Tavlaridis və Georgios Kotrumbis duet təşkil edəcəklər. Yeni transfer almaniyalı Yens Vemmer sağ, ispaniyalı Nano isə sol cinahda yer alacaq.

Anastasiu 3 mərkəz yarımmüdafiəçisinə yer verəcək. Anastasios Laqos dayaq yarımmüdafiəçisi qismində yer alacaq və “Qəbələ”nin hücumlarının qarşısını ilk olaraq o almağa çalışacaq. Portuqaliyalı kapitan Zeka ona yaxın çıxış edəcəksə, sabiq “Bavariya”lı xorvat Daniel Pranyiç bir qədər öndə yer alacaq və ön xətdəki oyunçuları topla təmin etməyə çalışacaq.

Sotiris Ninislə Nikos Karelis yarımmüdafiənin cinahlarında oynayacaqlar və daha çox hücuma dəstək verməyə çalışacaqlar. Komandanın qol yollarında əsas “silahı” isə İsveç millisinin üzvü Markus Berq olacaq.

Qeyd edək ki, “Qəbələ” – “Panatinaikos” oyunu bu gün keçiriləcək və saat 21:00-da başlayacaq.

Xəbər 767 dəfə oxundu.