“Qəbələ” komandası Bakıda Yunanıstanın “Panatinaikos” klubunu qəbul edir
Avqustun 20-da “Qəbələ” futbol komandası UEFA Avropa Liqası yarışlarının pley-off mərhələsi çərçivəsində Bakıdakı ilk oyununu keçirəcək.

Azərbaycan çempionatının bürünc mükafatçısı “Bakcell Arena”da Yunanıstanın “Panatinaikos” klubunu qəbul edəcək.

Bakı vaxtı ilə saat 21:00-da başlayacaq matçı ingiltərəli hakimlər briqadası idarə edəcək. Matçın əsas hakimi Andre Marriner olacaq. Köməkçi hakim funksiyasını onun həmyerliləri Simon Bennet, Li Betts və Robert Madli yerinə yetirəcəklər. Görüşün UEFA nümayəndəsi estoniyalı Oleq Xarlamov, hakim-inspektoru isə polşalı Zbiqnev Przesmiçk olacaq.

Turnirə birinci təsnifat mərhələsindən qoşulan Roman Qriqorçukun yetirmələri Gürcüstanın “Dinamo”, Serbiyanın “Çukariçki” və Kiprin “Apollon” klublarını mübarizədən kənarlaşdırıb və ilk dəfə olaraq UEFA Avropa Liqası yarışlarının pley-off mərhələsinə yüksəliblər.

UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində Belçikanın “Brügge” komandasına iki oyunun nəticəsinə görə uduzan “Panatinaikos” qitənin nüfuzlu yarışının pley-off mərhələsinə adlaya bilməmişdi. Beləliklə, Yunanıstan kollektivi mübarizəni UEFA Avropa Liqası yarışlarının pley-off mərhələsində davam etdirməyə məcbur olmuşdu.

Xəbər 688 dəfə oxundu.