Avropa Voleybol Konfederasiyasının növbəti reytinq siyahısında kişilərdən ibarət Azərbaycan millisi iki pillə irəliləyib
Avropa Voleybol Konfederasiyası (CEV) kişilərdən ibarət milli komandaların növbəti reytinq siyahısını açıqlayıb.

Qitənin 48 komandasının yer aldığı siyahıda voleybol üzrə kişilərdən ibarət Azərbaycan millisi 80 xalla 32-ci sıradadır. Əvvəlki siyahı ilə müqayisədə iki pillə irəliləyən komandamız Bosniya və Herseqovinanı və Lüksemburqu geridə qoyub.

Azərbaycan yığması hesabındakı 80 xalın 30-u Bakıda keçirilən birinci Avropa Oyunlarındakı nəticələrə görə əldə edib. Bundan başqa, 38 xal 2011-ci ildə keçirilmiş CEV-in Avropa çempionatının, 12 xal isə 2014-cü ildə təşkil edilmiş Beynəlxalq Voleybol Federasiyasının dünya çempionatının seçmə mərhələsində qazanılıb. Cədvəlin ilk üç pilləsində Rusiya (334), Serbiya (328) və Polşa (322) yığmaları qərarlaşıb.

CEV, həmçinin 18 yaşadək qızlardan ibarət voleybol yığmalarının da növbəti reytinq siyahısını tərtib edib. 34 komandanın yer aldığı siyahıda Azərbaycan millisi 52 xalla 32-ci pillədə yer alıb. Bu xallar 2013-cü ildə keçirilmiş voleybol üzrə 18 yaşadək qızlardan ibarət komandalar arasında Avropa çempionatında qazanılıb.

Xəbər 665 dəfə oxundu.