«Hücum xəttində problemimiz vardı ki, onu da həll etdik» - MÜSAHİBƏ
«Qəbələ»nin kapitanı Mahir Şükürov, klubun rəsmi saytına müsahibə verib. İdman.com.az-ın məlumatına görə, Azərbaycan milli komandasının futbolçusu Türkiyədəki təlim-məşq toplanışı və gələcək planından dlanışıb:

- Yanvarın 9-dan toplaşmışıq. Ertəsi gün təlim-məşq prosesinə start verildi. Məşqlərdə zədə səbəbindən Vurğun Hüseynov iştirak edə bilmir. Viktor Mendi icazəli olduğu üçün hələ vətənindən qayıtmayıb. Əvəzedici heyətdən də bir neçə futbolçu əsas komandanın məşqlərində iştirak edir. Ümumiyyətlə, komandada əhval-ruhiyyə yüksəkdir.

- Komandanın kapitan kimi, hansı mövqelərin güclənməsinə ehtiyac var?

- Hər bir mövqe üçün iki futbolçu olsa, rəqabət bir o qədər güclü olar. Yəni heç bir futbolçu öz mövqeyində əvəzolunmaz olduğunu düşünməməlidir. Şükür Allaha, bizdə bu sarıdan problem yoxdur. Təkcə hücum xəttində problemimiz vardı, onu da həll etdik.

- Turnir cədvəlinin altıncı pilləsində olsanız da, ən yaxın izləyicilərinizlə xal fərqiniz çox azdır...

- Düzdür, qarşıda bizi çox çətin dörd oyun gözləyir. Lakin nə olur-olsun, biz altılğa düşməyə borcluyuq. Əgər məşqçinin verdiyi tapşırıqları yerinə yetirə bilsək, istəyimizə çatacağıq.

- Bir çox futbolçu həm də bizneslə məşğul olur. Sənin də toyuq fabrikin var?

- Bəli, doğru məlumatdır. Ancaq mən fabriki indi deyil, çoxdan açmışam. Bir də ki, özüm bu işlə məşğul olmuram. Bunu etibar etdiyim bir insana tapşırmışam. Futbolçu karyerası çox qısadır. Elə bir zədə ala bilərsən ki, futbolla birdəfəlik vidalaşarsan. Buna görə də gələcəyimi fikirləşərək, belə qərara gəldim. Burada ayıb bir şey yoxdu. Heç kimə əl açıb demirəm ki, mənə kömək et. Halal yolla pul qazanıram. Bəzi insanlar bunu müzakirə mövzusuna çeviriblər. Həmin adamlara demək istəyirəm ki, gedib işləri ilə məşğul olsunlar. İstəsəm qoyun ferması açaram, istəsəm toyuq fabriki. Kimə nə?! Sabah futboldan uzaqlaşsam heç kəs mənə gətirib pul verməyəcək. Ona görə də gələcəyimi düşünürəm. Bu fabriki mənə doğma dayım pay verib. Bizneslə bağlı başqa bir planlarım da var. İnşallah, o iş də fabriklə əlaqəli olacaq. Bu məsələ ilə bağlı Türkiyəylə danışıqlar gedir. Qismət olsa, geyim fabriki açmağı düşünürəm. İşləri də qardaşım aparacaq.


Xəbər 1024 dəfə oxundu.