Denis Silva: Neftçidə 5 il keçirmişəm, buna görə emosiyalarımı gizləməyə borclu idim
"İnter"in müdafiəçisi Denis Silva Topaz Premyer Liqasının 2-ci turu çərçivəsində "Neftçi"yə qarşı keçirdikləri oyundan (1:0) sonra sualları cavablandırıb.

- Oyun barədə nə deyə bilərsiniz?
- Matç bizim üçün yaxşı alındı. Biz qələbə üçün əlimizdən gələni etdik. İlk turda "Xəzər Lənkəran"a məğlub olmuşduq. Ona görə bu dəfə mütləq qalib gəlmək istəyirdik. Bu qələbə psixoloji baxımdan da komandamıza çox kömək edəcək.

- "Neftçi" ilə oyun sizin üçün xüsusi əhəmiyyət daşıyırdı?
- "Neftçi"də o qədər oyun keçirmişəm. Orada çoxlu dostum var. Klubdakı dəyişikliklərə baxmayaraq, bu dostluq münasibətləri davam edir. İndi isə yeni klubdayam. Bu üzdən də öz işimi görməli, komandama kömək etməliyəm. Emosiyalar var idi, amma mən həmin emosiyaları hiss etdirməyə çalışdım. Peşəkar futbolçu kimi öz işimi görməyə borclu idim.

- Keçmiş komandanıza məhz sizin vurduğunuz qol sayəsində qalib gəldiniz. Amma vurduğunuz qolu xüsusi bayram etmədiniz. Bunu öncədən planlaşdırmışdınız?
- Bəli. Bu klubda beş ilim keçib. Öz emosiyalarımı gizlətməliydim. "Neftçi"yə göstərmək istədim ki, bu klubla bağlı yaşadığım bütün yaxşı günləri unutmamışam.

- "İnter" rəqib azlıqda qaldığı vaxt niyə təzyiqi daha da artırmadı?
- Siz diqqət yetirdinizsə, son dəqiqələrdə rəqib daha da fəallaşmışdı. Üstəlik, hakim də bizim futbolçumuzu meydandan uzaqlaşdırdı. Yorğunluq da var idi.

- "İnter"in bu mövsüm hədəfi nə olacaq?
- Şübhəsiz ki, komandamız əvvəlki mövsümlərdə olduğu kimi, yeni mövsümdə də yüksək yerlər uğrunda mübarizə aparacaq. Hazırlaşacağıq. Növbəti turda bizi "Zirə" ilə oyun gözləyir. Debütant olmasına baxmayaraq, bu komanda uduzmağı sevmədiyini ilk iki turda sübut edib.

Xəbər 765 dəfə oxundu.