Rəşad Sadıqov: “Yanq Boyz” komandasının hücumlarının qarşısını almaq üçün bütün gücümüzü sərf etməliyik
Ağdamın “Qarabağ” komandasının kapitanı Rəşad Sadıqov UEFA Avropa Liqasının pley-off mərhələsində İsveçrənin “Yanq Boyz” kollektivi ilə keçiriləcək ilk qarşılaşma barədə müsahibə verib.

-“Yanq Boyz” komandası ilə oyun haqda nə deyə bilərsiniz?

- “Yanq Boyz”un İsveçrə çempionatında “Luqano” komandası ilə oyununu izləmişəm. Çox maraqlı komandadır. Belə bir rəqiblə hələ qarşılaşmamışıq. “Seltik” və “Zalsburq” oyun üslubu oxşar idi. Amma “Yanq Boyz” qarışıq üslubda oynayır. Həm cinahlardan ötürmələrə, həm də ara paslarına üstünlük verirlər. Bizi çətin və ağır səfər qarşılaşması gözləyir. Rəqibin xüsusilə hücum xətti çox güclüdür. Onların hücumlarının qarşısını almaq üçün bütün gücümüzü sərf etməliyik.

- “Yonq Boyz”un hücum xətti güclü olsa da, müdafiədə kifayət qədər boşluqları var.

- Bu barədə nə isə deyə bilmərəm. Mən əsasən hücumlarına fikir verdim. İsveçrə təmsilçisi “Seltik”dən daha rəngarəngdir. Yəni, hər cür üsuldan istifadə edirlər. Standart vəziyyətlərdə çox təhlükəlidirlər ki, bu, bizə əlavə problemlər yaradacaq. Oyunun 90-cı dəqiqəsinədək mübarizə aparmalıyıq. Matçın taleyini bir anda dəyişə bilərlər.

- Sizi İsveçrədə hansı hesab qane edir?

- İstərdik ki, səfərdə məğlub olmayaq. Amma bu, asan olmayacaq. Ən əsası odur ki, iki top fərqi ilə məğlub olmamalıyıq.

- Yeni transfer Raydel Puponla bağlı nə deyə bilərsiniz?

- Tələsməmək lazımdır. Üç-dörd aydan sonra etimadı doğrultmasa uğursuz transfer olduğunu söyləyə bilərik. Hücumçu transfer etmək çox çətindir. Çünki futbolçuları və onların klublarını razı salmaq olmur. Fikrimcə, ona vaxt vermək lazımdır.

AZƏRTAC

Xəbər 745 dəfə oxundu.