Azərbaycan karateçiləri İranda beynəlxalq yoldaşlıq və həmrəylik turnirində iştirak edəcəklər
Azərbaycan karateçiləri İranda 11-ci beynəlxalq yoldaşlıq və həmrəylik turnirində iştirak edəcəklər. Urmiyə şəhərində təşkil edilən yarışda müxtəlif yaş qrupları üzrə seçmə komandalarımızın üzvləri mübarizə aparacaqlar.

Yeniyetmə və gənclərdən ibarət seçmə komandaların böyük məşqçiləri, əməkdar məşqçilər Anar Allahverdiyev və Şahin Xudaverdiyev noyabrın əvvəlində İndoneziyada dünya çempionatına hazırlaşan perspektivli idmançılarımızı qarşıdakı yarışda ilkin sınaqdan çıxarmaq qərarına gəliblər. Yarışda kata üzrə böyük məşqçi Vahid Ayvazov və köməkçisi Anar Əhmədov 14-15 yaşlılar arasında Avropa üçüncüsü Hümmət Baxşəliyev (-52 kq), Eldar Qədirov (-57 kq), Bəxtiyar Rzayev (-63 kq), Əli Quliyev (-70 kq) və Niyazi Məmmədovdan (+70 kq) başqa, bu yaş qrupunda Ceyhun İsmayılovla Anar Mir Pənaha şans verəcəklər.

Komandamızın 16-17 yaşlı gəncləri hər çəkidə bir neçə idmançı ilə təmsil olunacaqlar. Həsən Əliyev, Cumart Sarıxanov, Qasım İsgəndərov və Mircəlal Ələsgərov 55, Elcan Məmmədrzayev ilə Riyad Feyzizadə 61, İsa Məmmədov və Murad Balakişiyev 68, Elman Babayev 78 kiloqramdan aşağı çəki dərəcələrində, Murad Hacızadə və Emil Güləhmədov 76 kiloqramdan yuxarı çəki dərəcəsində, Roman Heydərov və Həsən Rüstəmov isə kata yarışlarına qatılacaqlar.

Böyüklərdən ibarət milli komandanın əsas üzvlərindən bir neçəsi Avropa Oyunlarından sonrakı istirahətdən yeni qayıtdıqları üçün İrandakı beynəlxalq turniri buraxmalı olublar. Onlardan Avropa Oyunlarının qalibi Firdovsi Fərzəliyev, (-60 kq) bürünc mükafatçı Niyazi Əliyev (-67 kq), həmçinin komanda yarışlarında iştirak edən və milli komandanın əvəzedici heyətindən Ceyhun Mustafayev və Musa Musayev (-60 kq), Rafiz Həsənov (-67 kq), Pənah Abdullayev (-84 kq), Orxan Heydərli, Asiman Qurbanlı və Əli Cəfərov (84 kq-dan yuxarı) kişilərin turnirində tatamiyə çıxacaqlar.

18-21 yaşlı gənclərdən Şahin Quluzadə (-67 kq), Üzeyir Alışanov (-67 kq), Hüseyn Əliyev (-67 kq), Vüsal Kamallı və Samir Məmmədov (-75 kq), Nəcməddin Bünyadov və Tural Kamallı (-84 kq), Sərxan Quluzadə (84 kq-dan yuxarı) kumitedə, Rafiq Əmirov isə kata yarışlarında güclərini sınayacaqlar.

Beynəlxalq turnirdə ölkəmizi milli dərəcəli hakimlərimizdən Mehman Mədətov, Akif Kərimov və Cavid Rəfiyev təmsil edəcəklər. İdmançılarımız ümumi mükafat fondu 30 min dollar olan turnirin komanda yarışlarına da qatılacaqlar. Urmiyadan operativ informasiyalar çatdırmaq üçün federasiyanın media və ictimaiyyətlə işlər katibi Sənan Məhərrəmov beynəlxalq turnirə ezam olunub.

Avqustun 17-də İrana yola düşən heyət ayın 22-də Bakıya qayıdacaq.

Xəbər 766 dəfə oxundu.