İran millisinin baş məşqçisi: Yay Olimpiya Oyunlarının atıcılıq yarışlarını Qəbələdə keçirmək üçün hər cür şərait var
İran idmançıları Qəbələdəki müasir atıcılıq mərkəzində dünyanın ən güclüləri ilə mübarizə aparırlar. Ümumiyyətlə, Bakıdakı və Qəbələdəki atıcılıq mərkəzləri çox müasir və yüksək səviyyəlidir. Bu mərkəzlərdə Olimpiya Oyunlarının atıcılıq yarışlarını keçirmək üçün hər cür şərait var.

Bu sözləri tüfəng atıcılığı üzrə İranın qadınlardan ibarət milli komandasının baş məşqçisi Lasio Şucsak deyib.

Baş məşqçi deyib: “Yarışa yaxşı hazırlaşmışdıq. Çox çalışdıq və bu zəhmətin qarşılığı kimi iki idmançımız pnevmatik tüfəngdən 10 metr məsafəyə atəş açma yarışında medal qazandı. Dünya Kuboku yarışları təşkilati baxımdan böyük zəhmət tələb edir. Ancaq görürük ki, Qəbələdə təşkilatçılar bu işin öhdəsindən gələ biliblər. Həmçinin Azərbaycan xalqının mehribanlığını da xüsusi vurğulamalıyam. Biz burada qonaqpərvərliyin şahidi olduq”.

Mütəxəssis Qəbələ Atıcılıq Mərkəzinin mükəmməl idman qurğusu olduğunu və burada atletlər üçün hər cür şərait yaradıldığını vurğulayaraq bildirib: “Artıq hədəfimizə çatmışıq. İki medalımız var, qızıl və bürünc. İdmançılarımız güclüdürlər və çox çalışır, məşq edirlər. Yarışlar hələ iki gün də davam edəcək. Hər kəsə uğurlar arzulayıram”.

AZƏRTAC

Xəbər 982 dəfə oxundu.