“Sumqayıt”ın məşqçisi: Uğurlu nəticələrin davamının gəlməsini istəyirik.
Antalyada təlim-məşq toplanışında olan “Sumqayıt” klubu hazırlığını davam etdirir. İdman.com.az klubun rəsmi saytına istinadən xəbər verir ki, komandanın məşqçisi Aslan Kərimov hazırlıqla əlaqədar fikirlərini bölüşüb:

"Hazırlığı yüksək səviyyədə davam etdiririk. Təlim-məşq toplanışı üçün bizə hər bir şərait yaradılıb. İlk yoxlama oyununda “Jetusi” klubuna qalib gəldik. Bu qarşılaşmada uşaqlar gözlədiyimizdən də yaxşı oyun nümayiş etdirdilər. Uğurlu oyun və nəticələrin davamının gəlməsini istəyirik. Dünən isə futbolçuların fiziki hazırlığını yoxlamaq üçün laktat testdən keçdik. Bu sahədə təcrübəli fiziki və koordinasiya üzrə mütəxəssis Ralf Ohrmannın köməyindən istifadə etdik.

Komandamızın üzvləri ondan lazımınca yararlanmalıdırlar. Testdən çıxacaq nəticələrdən sonra çatışmamazlıqları aradan qaldırmağa çalışacağıq. Qrup və fərdi şəkildə hazırlığımızı sona qədər davam etdirib, heyəti tam hazır vəziyyətə gətirmək istəyirik. Kollektivə qoşulan gənc futbolçuların uyğunlaşması üçün bəzi işlər aparırıq. Bu gün isə 1-ci Bundesliqada mübarizə aparan “Paterborn” klubu ilə növbəti yoxlama oyununu keçirəcəyik".

Xəbər 1040 dəfə oxundu.