Azərbaycan yığma komandası dünya çempionatına yeddi cüdoçu ilə yollanacaq
Cüdo üzrə Azərbaycan yığma komandası avqustun 24-də Qazaxıstanda start götürəcək dünya çempionatına hazırlıqlarını Qusarda yerləşən “Şahdağ” Turizm Mərkəzində davam etdirir.

Baş məşqçi Hacıağa Hacıəhmədov, məşqçilər Mehman Əzizov və Əli Dərvişovun rəhbərlik etdikləri təlim-məşq toplanışına yığma komanda 26 nəfərlik heyətlə qatılıb. Cüdoçularla gün ərzində iki məşq keçirilir. Məşqlər zamanı həm fiziki, həm də texniki təlimlərə yer verilir.

Cüdo üzrə Azərbaycan yığma komandası Qazaxıstanın Astana şəhərində təşkil olunan dünya çempionatında 7 idmançı ilə təmsil olunacaq. Nicat Şıxəlizadə (66 kq), Hidayət Heydərov (66 kq), Rüstəm Orucov (73 kq), Hüseyn Rəhimli (73 kq), Məmmədəli Mehdiyev (90 kq), Elxan Məmmədov (100 kq) və Elmar Qasımov (100 kq) bu mötəbər yarışda komandamızın medal qazanması üçün tatamiyə çıxacaq. Yığma komandamızın aparıcı üzvlərindən olan İlqar Muşkiyev və Orxan Səfərov isə zədə səbəbindən dünya çempionatına qatıla bilməyəcəklər.

Yığma komandanın baş məşqçisi Hacıağa Hacıəhmədov müsahibəsində dünya çempionatının 2016-cı ildə Braziliyada keçiriləcək Yay Olimpiya Oyunları öncəsi ən ciddi sınaq olduğunu bildirərək deyib: “Dünya çempionatına hazırlığın sonuncu mərhələsindəyik. Bu yarışda cüdoçularımızın qalib gələrək dünya reytinqində ön sıraları çıxmasını istəyirik. Həm də Olimpiya Oyunlarına daha çox lisenziya əldə etmiş olacağıq. Hazırlığımız yüksək səviyyədə təşkil olunub. “Şahdağ” Turizm Mərkəzində idmançılarımızın məşq keçməsi və yarışlara yüksək səviyyədə hazırlaşması üçün hər bir şərait var”.

Cüdo üzrə yığma komandamızın on günlük təlim-məşq toplanışına avqustun 14-də yekun vurulacaq.

AZƏRTAC

Xəbər 802 dəfə oxundu.