Qəbələdə Dünya Kuboku yarışlarında tapançadan 50 metr məsafəyə atəşaçma üzrə Koreya idmançıları iki medal qazanıb
Qəbələ Stend və Ox Atıcılığı Kompleksində keçirilən olimpiya atıcılıq növləri üzrə Dünya Kuboku yarışları uğurla davam edir.

Avqustun 11-də kişilər arasında tapançadan 50 metr məsafəyə atəşaçma yarışlarının final mərhələsi keçirilib. Yarışda Koreya və Çin idmançıları digər ölkələrdən olan rəqiblərini xal hesabı ilə üstələyərək mükafat qazanıblar. Gərgin idman mübarizəsi şəraitində keçən yarışın final mərhələsində iştirak edən Koreya idmançılarından ikisi mükafat qazanıb. Yarışda Mai Jiajey (Çin) 194,7 xalla birinci, Park Daohen (Koreya Respublikası) 191,4 xalla ikinci, Kim Çenq Yonq (Koreya Respublikası) 169,9 xalla üçüncü yeri tutub.

Sonra idmançıların mükafatlandırılması mərasimi keçirilib.

Qeyd edək ki, dörd gündür keçirilən atıcılıq yarışlarında indiyədək 10 idmançı gələn il Braziliyada təşkil olunacaq Yay Olimpiya Oyunlarına lisenziya qazanıb. Qəbələdəki Dünya Kuboku yarışları həmin olimpiya oyunlarına 34 lisenziya verəcək. Hazırda qadınlar arasında kiçikçaplı tapançadan 25 metr məsafəyə atəşaçma yarışları keçirilir. Atıcılığın 17 növü üzrə keçirilən bu yarışda 100-ə yaxın ölkədən 2 minədək idmançı iştirak edir. Ölkəmiz bu mötəbər yarışda 27 idmançı ilə təmsil olunur.

Xəbər 872 dəfə oxundu.