“Qəbələ” və “Qarabağ” futbol komandalarının qarşılaşmasında qapılara dörd qol vurulub
Topaz Premyer Liqasının 2015-2016-cı illər mövsümünün ilk turunda Avropa Liqasında mübarizəni davam etdirən iki komandamız – “Qəbələ” və “Qarabağ” Qəbələ şəhər stadionunda üz-üzə gəliblər. Gərgin mübarizə şəraitində keçən oyunda qapılara dörd qol vurulub və görüş 2-2 hesabı ilə başa çatıb.

“Qarabağ” komandasının heyətində Riçard Almeyda matçda iki qol vurub. “Qəbələ” klubunda isə Sergey Zenyov və Samir Zərgərov fərqləniblər.

Oyundan sonra keçirilən mətbuat konfransında “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib: “Hesab edirəm ki, biz ən yaxşı formada olan komandaya qarşı oynadıq. “Qəbələ”nin Avropa Liqasında irəliləməsi xoşdur. Oyundan razı qaldım. Müəyyən çatışmazlıqlar vardı. Çempionata heyəti formalaşdırmaq üçün zamana ehtiyac var”.

“Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk isə deyib: “Meydançada gözəl futbolun şahidi olduq. Futbolçularımla fəxr edirəm. Onlara təşəkkür edirəm. Yüksək temp görməməyimizin səbəbi Avropa Liqasındakı oyunlardır. Mənim hakimlərə böyük hörmətim var. Bizim əleyhimizə olan qırmızı vərəqə və 11 metrlik cərimə zərbəsi barədə deyə bilərəm ki, penalti 100 faiz vardı. Amma qırmızı vərəqəyə yaxın bir epizod yox idi.

“Bayıl Arena”da keçirilən “Rəvan” – “Sumqayıt” görüşündə isə sumqayıtlıların 39-cu dəqiqədən etibarən azlıqda qalmasına baxmayaraq hesab açılmayıb.

Xəbər 840 dəfə oxundu.